ÜST G7 ölkələrinə pandemiyaya qarşı mübarizə ilə əlaqədar çağırış edib
Cenevrə, 8 iyun, AZƏRTAC
Dünyada indiyədək koronavirus əleyhinə tətbiq olunan peyvəndlərin bir faizindən də az hissəsi yoxsul ölkələrin payına düşür. Bu gedişat virusun yayılması, mutasiyaya uğraması və peyvəndlərin təsir gücünü zəiflətməsinə yol açır.
AZƏRTAC xəbər verir ki, bu həftənin sonunda Böyük Britaniyada keçiriləcək G7 ölkələrinin Zirvə toplantısı ərəfəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ölkələrinə müraciət edib. Müraciətdə təkcə iyun və iyul aylarında yoxsul ölkələr üçün əlavə 100 milyon peyvənd dozasının ayrılmasına çağırılıb.
ÜST Baş direktoru Tedros Qebreyesus bildirib ki, indiyədək tətbiq olunan bütün peyvənd dozalarının 44 faizi zəngin ölkələrin, 0,4 faizi isə ən kasıb ölkələrin payına düşür. Acınacaqlı hal ondan ibarətdir ki, bu tendensiya aylardan bəri dəyişməz olaraq davam edir.
Təşkilat rəhbərinin sözlərinə görə, hazırda pandemiya iki fərqli istiqamət üzrə davam edir. Dünyanın bir sıra regionlarında yoluxma halları azaldığı halda, Afrika və Cənubi Amerika kimi regionlarda artım müşahidə edilir. Bununla belə yeni yoluxma halları artıq altıncı həftədir ki, azalır, eyni zamanda, beş həftədən bəri ölüm hallarının statistikası da aşağı düşüb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə