Uyğunsuzluq aşkarlanan baytarlıq preparatı məhv edilib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) idxal nəzarəti zamanı fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi “Bazalt” müəssisəsinin istehsalı olan “Vettrimerazin Poroşok” əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məhsul partiyasından agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib.
Bildirilib ki, sınaq nəticəsində kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluqla əlaqədar, ümumi sayı 490 ədəd məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul olunmuş müvafiq qərar əsasında məhv edilib.