V Yay Düşərgəsinin iştirakçısı: Elmi işimi “COP29 və Azərbaycan perspektivləri” mövzusunda yazacağam
Laçın, 2 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Diaspor Gənclərinin V Yay Düşərgəsinin “Gənclər Yaşıl Dünya Naminə” adlandırılması mənim üçün qürurverici və önəmlidir.
Bunu Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinə Almaniyadan qatılan Rəhim Abbasov AZƏRTAC-a açıqlamasında söyləyib.
“Ölkəmizdə keçiriləcək COP29 konfransı da bu mövzuya həsr olunub. Mən magistr təhsilində elmi işimi “COP29 və Azərbaycan perspektivləri” mövzusunda yazacağam. Odur ki, gənclərlə yaşıl dünya naminə mövzusunda müzakirələr aparmaq mənim üçün çox önəmlidir. Avqustun 7-nə kimi biz müxtəlif ölkələrdən olan gənclərlə həm də diaspora fəaliyyətini müzakirə edəcəyik. Çox qürurlu və xoşbəxtəm ki, bu tədbirdə mən də iştirak edirəm. Bunun üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə və ordumuza təşəkkür edirəm”, – deyə R.Abbasov bildirib.