Varşava Brüssellə münasibətləri normallaşdırmağa çalışır
Bakı, 21 fevral, AZƏRTAC
Polşa ümumi normaları pozduğuna görə Avropa Komissiyasının ona qarşı tətbiq etdiyi intizam prosedurundan yaxa qurtarmağa çalışır.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Polşanın Baş naziri Donald Tuskun formalaşdırdığı yeni hökumət ədliyyə naziri Adam Bodnarı münasibətləri normallaşdırmaq üçün fəaliyyət planı ilə Brüsselə göndərib. Avrokomissiya Varşavanın düzgün yolda olduğunu hesab edir.
“Varşavanın fəaliyyət planı yeddinci maddənin ləğvinə gətirib çıxara biləcək bir addımdır. Amma hələ görüləsi çox iş var”, - deyə Avropa Komissiyasının dəyərlər və şəffaflıq üzrə vitse-prezidenti Vera Yourova bildirib.
Polşa İttifaq Müqaviləsinin 7-ci maddəsinə məruz qalan ilk ölkədir və bu da onu Avropa İttifaqı Şurasında səsvermə hüququndan məhrum edə bilər. Varşava həmin maddənin ölkənin Aİ-yə daxil olmasının ildönümü gününədək, yəni- mayın 1-dək ləğv edilməsini istəyir. Bunun baş tutacağı təqdirdə, Macarıstan 7-ci maddə üzrə intizam prosedurunun təhdid etdiyi yeganə ölkə olacaq.