Vaşinqtonda Bayden administrasiyasının Xəzər bölgəsindəki proseslərdə daha fəal iştirakı perspektivlərinə dair müzakirələr aparılıb
Vaşinqton, 4 mart, AZƏRTAC
Vaşinqtonda Bayden administrasiyasının Xəzər bölgəsindəki proseslərdə daha fəal iştirakı perspektivlərinin müzakirə olunduğu onlayn forum keçirilib.
AZƏRTAC xəbər verir ki, Xəzər Siyasi Mərkəzinin təşkil etdiyi tədbirdə ABŞ administrasiyasının indiki və keçmiş təmsilçiləri və analitikləri son dörd ildə bölgədə baş verən geostrateji hadisələr fonunda Bayden administrasiyasının Mərkəzi Asiya və Cənubi Qafqazdakı daha fəal siyasətinin perspektivlərini müzakirə ediblər. Bundan başqa, Xəzər Siyasi Mərkəzi tərəfindən hazırlanmış və Bayden administrasiyası üçün Xəzər bölgəsi ilə bağlı tövsiyələrdən ibarət yol xəritəsi də müzakirə olunub.
Xəzər Siyasi Mərkəzinin direktoru Əfqan Nifti Xəzər bölgəsi ölkələrinin adətən həm ABŞ hökumətindən, həm də Amerika özəl sektorundan və akademik dairələrindən fəal və konstruktiv iştirak gözlədiklərini bildirib.
Qeyd edilib ki, hazırda Bayden administrasiyası Xəzər regionu da daxil olmaqla xarici siyasətini inkişaf etdirmək mərhələsindədir.
Tədbirdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə katibinin köməkçisinin müavini Corc Kent məruzə ilə çıxış edib. O, Cənubi Qafqaz ölkələrinin dəstəklənməsində ABŞ-ın strateji maraqlarının vacibliyini vurğulayıb. Qeyd edib ki, pandemiyaya baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsi vaxtında və büdcə çərçivəsində başa çatıb. Bir çox ölkənin dövlət və özəl sektorunun iştirakını əhatə edən tərəfdaşlıq Avropada enerji təhlükəsizliyinin artırılması və Avropaya qaz tədarükünün şaxələndirilməsi üzrə uzunmüddətli hədəfimizin bir hissəsi idi. Bu ilin yanvar ayında Azərbaycan Türkmənistanla Xəzərdəki karbohidrogenlərin birgə kəşfiyyatı barədə Anlaşma Memorandumu imzalayıb. Bu, əlaqələrin daha səmərəli inkişafına gətirə bilər.
ABŞ və Xəzər bölgəsindəki regional oyunçular arasında iqtisadi və siyasi münasibətlərin şaxələndirilməsi məsələləri ətrafında müzakirələri Cənubi və Mərkəzi Asiya İşləri Bürosunda katib köməkçisinin keçmiş birinci müavini, səfir Riçard Hoqland, Enerji Resursları Bürosunda katibin köməkçinin keçmiş birinci müavini, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və Milli Müdafiə Universitetinin dosenti Briann Todd aparıblar. Çıxışı zamanı Hoqland ABŞ-ın Xəzər bölgəsindəki imicinin bərpa edilməsinin ən yaxşı yolunun Bayden administrasiyası və Dövlət Departamentinin yüksək vəzifəli şəxslərinin səfərləri olacağını söyləyib.
AZƏRTAC-ın Vaşinqton bürosu