Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edilib VİDEO
Vaşinqton, 12 may, AZƏRTAC
Vaşinqtonda ABŞ hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların əməkdaşları və gənc şahmatçılar arasında şahmat turniri keçirilib.
AZƏRTAC-ın məlumatına görə, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin, ABŞ-Azərbaycan Ticarət Palatasının və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan turnir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə və ABŞ-nin yaranmasının 250 illiyinə həsr edilib.
Yeddi raunddan ibarət yarışın nəticələrinə əsasən, Oladapo Olutola birinci, Qreq Delia ikinci, Harisson Beyker isə üçüncü yeri tutub.
Turnirdən sonra rəsmi bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim bildirib ki, bu turnir əslində məğlubiyyət yarışı deyil, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin ehtiramla yad edildiyi, dostluğun, eləcə də ABŞ-Azərbaycan münasibətlərinin qalib gəldiyi bir tədbirdir.
“Əslində, turnirin keçirildiyi məkan məhz Heydər Əliyev tərəfindən təsis edilib. Ulu Öndər sözün əsl mənasında ABŞ-Azərbaycan münasibətlərinin qurucusudur. O, şahmata böyük maraq göstərirdi və onun diqqət və qayğısı nəticəsində Azərbaycanın çoxsaylı şahmat çempionları oldu. Biz Heydər Əliyevin xatirəsini daim ehtiramla yad edirik”,- deyə səfir bildirib.
Səfir Xəzər İbrahim turnirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib. Daha sonra iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Tədbirin sonunda ABŞ Dövlət Departamentinin baş müşaviri və turnirin iştirakçısı Conatan Askonasa ABŞ-nin 250 illiyi münasibətilə Azərbaycan Şahmat Federasiyası tərəfindən hazırlanmış xüsusi şahmat hədiyyəsi təqdim edilib.
C.Askonas yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, tədbirin iki ölkə arasında tarixi münasibətlərin qeyd olunması baxımından əhəmiyyətli bir platforma olduğunu bildirib.