Velosipedçilər Qubada Azərbaycan çempionu adı uğrunda yarışırlar
Quba, 6 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 6-da velosiped idmanının şose növündə çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatının ikinci mərhələsinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən çempionatın bu mərhələsində idmançılar qrup ötüşməsində mübarizə aparıblar.
Qubada “ASAN xidmət” mərkəzinin qarşısından start götürən velosipedçilər rayonun Susay kəndi ərazisində finiş xəttini keçiblər.
Ümumilikdə 40 velosipedçinin iştirak etdiyi yarışda 2005-2009-cu il təvəllüdlü oğlanlar 50 km, 2010-2011-ci il təvəllüdlü oğlanlar isə 30 km məsafə qət ediblər.
İkinci mərhələnin nəticələrinə əsasən, 2005-2009-cu il təvəllüdlü oğlanlar arasında Tural İsrafilov hamıdan yaxşı nəticəyə imza ataraq birinci, Turqut Qurbanlı ikinci, Nihad Xudoyev üçüncü yerdə qərarlaşıblar.
2010-2011-ci il təvəllüdlü oğlanların mübarizəsində isə Nihat Xudiyev finiş xəttini birinci keçərək qızıl medal qazanıb. Cavid Baxşıyev gümüş, Röyal Aslanov isə bürünc medala sahib olublar.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın oktyabrın 7-də baş tutacaq üçüncü mərhələsində idmançılar fərdi ötüşmə növündə güclərini sınayacaqlar.