VERGİLƏR NAZİRLİYİ İRİMİQYASLI OPERATİV REYDLƏRƏ BAŞLAYIR
Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi Qabil Məmmədov iyulun 24-də keçirilən brifinqdə bildirmişdir ki, vergi nəzarətini gücləndirməkdən əsas məqsəd nəzarət-kassa aparatlarından istifadə etməklə, ticarət obyektlərinin və əhalinin qarşılıqlı hesablaşmalarını qaydaya salmaq zəruriliyi ilə bağlıdır.
Onun sözlərinə görə, xidmət sahəsinin obyektlərində çeklər vurulmayınca və onlar alıcılara verilməyincə, operativ reydlər müddətsiz xarakter daşıyacaqdır. Obyektlərdə yoxlamalar dəfələrlə aparıla bilər.
Nazirliyin nümayəndəsi qeyd etmişdir ki, iyulun 1-nə olan məlumata görə, respublikada 64030 nəzarət-kassa aparatı qoyulmuşdur, onların 22046-sı Bakıdadır. İri obyektlərdə, benzindoldurma stansiyalarında keçirilmiş tədbirlər nəticəsində əhali ilə qarşılıqlı hesablaşma haqqında vergi qanunvericiliyi ilə bağlı pozuntuların sayı azalmışdır.
İrimiqyaslı yoxlamalara başlayan Vergilər Nazirliyi sahibkarlara müraciət edərək, onları qanunlara ciddi əməl etməyə çağırmışdır.