Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun medalı ailəsinə təqdim edilib
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 7-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Vüqar Seyidov Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Abdullayev Rəşad Arif oğlunun ailə üzvləri ilə görüşüblər.
Rayon icra hakimiyyətinin AZƏRTAC-a bildiriblər ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanı adının vəsiqəsi və medalı şəhidin ailəsinə təqdim olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və ərazilərimizin işğaldan azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən, 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” hərbi əməliyyatlarının başlamasından sonra Murov zirvəsinin işğaldan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar Vətən müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərdən biri olub. Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları düşmənə böyük zərbə vuraraq qəhrəmancasına şəhid olub. Döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biri də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, kapitan Abdullayev Rəşad Arif oğludur.
Kapitan Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunda anadan olub. O, ötən il sentyabrın 28-də Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Görüşdə şəhid ailəsinin, övladlarının arzu və istəkləri dinlənilib. Onlara torpaqlarımızın işğaldan azad edilməsinin hər birimizdə qürur doğurduğu və bu amal uğrunda fədakarlıq göstərənlərin dövlətimizin, Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqları söylənilib.
Vətən Müharibəsi Qəhrəmanının ailəsi göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.