Vətən müharibəsi şəhidi Əli Nağıyevin ailə üzvləri ziyarət olunub
Bakı, 27 dekabr, AZƏRTAC
Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan və döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Nağıyev Əli Mehman oğlunun doğum günüdür.
YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, partiyanın rayon təşkilatının sədri, müavini, məsləhətçiləri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, məsul əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Bayıl yaşayış massivi, Neftçi Qurban küçəsi 40 ünvanında Vətən müharibəsi şəhidi Əli Nağıyevin doğum günü ilə əlaqədar xatirə lövhəsi önünə gül dəstələri qoyulub.
Mərasimdə çıxış edənlər şəhidlərimizin əziz xatirələrinin hər birimiz üçün müqəddəs olduğunu bildirərək, şəhid ailələrinin, döyüşlərdə iştirak etmiş hərbçilərin və qazilərin Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı ilə əhatələndiklərini, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişləri ilə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu qeyd ediblər.
Şəhid Əli Nağıyevin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlara və yüksəksəviyyəli işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.