İQTİSADİYYAT
Vətəndaşların Qəbulu Mərkəzində ötən il 3600-dək vətəndaşa xidmət göstərilib
Bakı, 25 yanvar, AZƏRTAC
2022-ci ildə fəaliyyətə başlayan Vətəndaşların Qəbulu Mərkəzində ötən ilin iyul-dekabr aylarında 3593 vətəndaşa xidmət göstərilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin fəaliyyət istiqamətləri üzrə 600-ə yaxın vətəndaş qəbul edilib. Müraciətlər əsasən dövlət satınalmaları, istehlakçı hüquqları, əmlak və digər məsələləri əhatə edib.
Qeyd edək ki, Vətəndaşların Qəbulu Mərkəzi Hökumət Evində yerləşən dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır. Mərkəzin fəaliyyəti İqtisadiyyat Nazirliyi, o cümlədən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı, Mədəniyyət, Energetika nazirlikləri, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC kimi qurumları əhatə edir. Mərkəzdə qəbula gələn vətəndaşlara bu qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də kömək edirlər.
Vətəndaşların Qəbulu Mərkəzində müasir avadanlıqla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı” və psixoloq fəaliyyət göstərir.