Vətəni tanı” ümumrespublika kampaniyası regional seçim turları ilə davam edir
Bakı, 6 may (AZƏRTAC). Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə keçirilən, Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dəstəklənən “Vətəni tanı” ümumrespublika kampaniyası davam edir.
ARGTMŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakının Səbail, Yasamal rayonlarında seçim turları yekunlaşmışdır. Kampaniya çərçivəsində növbəti seçim turları işğal olunmuş 4 rayonun - Şuşa, Qubadlı, Laçın, Xocavənd rayonlarının gəncləri arasında keçirilmişdir.
Ağstafa, Qazax, Astara, Lənkəran, Beyləqan gənclərinin seçim turları da uğurla təşkil olunmuşdur.
Kampaniyada iştirak edən gənclərin bir qismi keçməcələrdən (puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi www.miras.az saytında olan elektron formadakı xəritəni ən qısa müddətdə toplamağa çalışmışlar.
Mayın 5-də Şuşa rayonu üzrə seçim turu Bakı şəhəri Fatmai qəsəbəsində məskunlaşmış məcburi köçkün gənclərin təhsil aldıqları 9 nömrəli məktəbdə baş tutmuşdur. Tədbirin açılışında Milli Şuranın Baş katibi Orxan Ərəbov bildirmişdir ki, bu kampaniyanın keçirilməsi ölkə gəncləri arasında vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Elə həmin gün Ağstafa şəhəri 1 nömrəli məktəbdə adıçəkilən rayon üzrə seçim turu olmuşdur. Milli Şuranın İdarə heyətinin üzvü Heydər Atayev kampaniyanın bütün Azərbaycanı əhatə edəcəyini və əsas məqsədin ölkəmizin ərazi bütövlüyü məsələsini bir daha gənclərin diqqətinə çatdırmaq olduğunu bildirmişdir.
“Vətəni tanı” ümumrespublika kampaniyasının növbəti seçim turu Astara şəhəri 2 nömrəli məktəbdə keçirilmişdir. Açılış mərasimində çıxış edən Milli Şuranın katibliyinin nümayəndəsi Ziya Ağayev, Astara rayon gənclər və idman idarəsinin rəisi Ərzə Əliyev və başqaları layihənin əhəmiyyətindən danışmışlar.
Mayın 6-da kampaniyanın seçim turları Qazax rayonu 1 nömrəli, Lənkəran şəhəri 6 nömrəli və Beyləqan rayon məktəblərində keçirilmişdir. Beyləqanda məskunlaşmış xocavəndli məcburi köçkün gənclər də “Vətəni tanı” ümumrespublika kampaniyasında iştirak etmişlər.
İşğal altında olan Qubadlı və Laçın rayonlarından olan gənclər də kampaniyada fəallıq göstərmişlər. Sumqayıt şəhərində yerləşən 1 nömrəli Qubadlı məktəbində təşkil olunmuş tədbirdə kampaniyanın əlaqələndiricisi Natiq Nəsirov bu təşəbbüsün əsas məqsədlərindən danışmışdır.
Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 46 nömrəli Laçın məktəbində də laçınlı gənclər seçim turunda iştirak etmişlər.
Qeyd edək ki, Bakı rayonları üzrə keçirilən turlarda hər rayon üzrə 300 gənc, regionlarda isə hər bir rayondan 150 gənc iştirak etmişdir.
Bununla da “Vətəni tanı” ümumrespublika kampaniyasında əhatə olunacaq 12 min gəncdən 2 mini artıq kampaniyada iştirak etmişdir.