“Vətənimdir Azərbaycan!” layihəsi ilə kəlağayı yenidən diqqət mərkəzində
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” adlı layihənin icrasına başlanılıb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının həm ənənəvi, həm də müasir formada təqdim olunması, onun tarixi, hazırlanma texnologiyasının geniş ictimaiyyətə çatdırılması, gənclər arasında milli-mənəvi dəyərlərə marağın artırılmasıdır.
Layihə çərçivəsində Bakı şəhərində, həmçinin Şamaxı və Sabirabad rayonlarında silsilə mədəni-kütləvi tədbirlər təşkil olunacaq. Bu tədbirlər zamanı milli geyimlərin sərgiləri keçiriləcək, konsert proqramları təqdim olunacaq, Azərbaycan bölgələrinə aid milli geyimləri əks etdirən rəqəmsal kataloq nümayiş etdiriləcək.
Layihənin icra müddəti 2 ay təşkil edir. Layihə milli irsimizin qorunmasına, gənc nəslin milli kimliyə bağlılığının gücləndirilməsinə və Azərbaycan mədəniyyətinin təbliğinə töhfə verməyi hədəfləyir.