“Vətənin gözəlliyi uşaqların gözü ilə” mövzusunda tədbir-sərgi rəngarəng proqramla yadda qalmışdır
Bakı, 18 may (AZƏRTAC). Azərbaycan İstiqlal Muzeyində 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Vətənin gözəlliyi uşaqların gözü ilə” mövzusunda tədbir-sərgi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyinin və “Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmiş sərgidə əvvəlcə Şamaxı şəhərindəki İmadəddin Nəsimi adına uşaq incəsənət məktəbinin, Bakıdakı Tofiq Quliyev adına 12 nömrəli uşaq musiqi məktəbinin və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin dərnək şagirdlərinin əsərləri nümayiş olunmuşdur.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, “Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi” İctimai Birliyinin sədri Gülnarə Səfərova, Əməkdar İncəsənət Xadimi, Dövlət Rəssamlıq Akademiyasının dosenti Ziyadxan Əliyev, gənc rəssam, Prezident təqaüdçüsü Əli Cəfərov, Rəssamlıq Kollecinin müəllimi Vaqif Ucatay və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışmış, milli-mənəvi dəyərlərimizin, tarixi abidələrin qorunub saxlanılmasında muzeylərin rolunu yüksək qiymətləndirmiş, sərginin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
Sonra tədbir bədii hissə ilə davam etmişdir.
Şamaxı şəhərindəki incəsənət məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Tədbirdə Bakı və Şamaxı şəhərləri məktəblərinin şagirdləri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları və digər qonaqlar iştirak etmişlər.