Vidadi Rzayev: “Qarabağ” yenidən Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq
Bakı, 23 iyul, AZƏRTAC
“Qarabağ”ın hər iki oyunda çətinlik çəkmədən “Linkoln”a qalib gələcəyinə inanıram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Vidadi Rzayev “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubuna qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib.
Mütəxəssis Ağdam təmsilçisinin Avropanın ən nüfuzlu klub turnirində daha da irəli gedəcəyinə inandığını bildirib: “Qarabağ”ın avrokubok təcrübəsi və stabil heyətinin olması bu komandanın yenidən uğur qazanacağına işarədir. Artıq Ağdam təmsilçisi turnirin təsnifat mərhələlərini çox rahatlıqla keçir. Bu gün də “Linkoln”la oyunda çətinlik çəkəcəyinə inanmıram”.
Vaxtilə Ağdam təmsilçisinin formasını geyinmiş veteran yarımmüdafiəçi sabiq komandasının Çempionlar Liqasının III təsnifat mərhələsindəki şanslarını da yüksək qiymətləndirib: "Komandamız bu raundda “Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İstərdim ki, rəqib “Dinamo” olsun. Lakin əminliklə deyirəm ki, “Qarabağ” bu rəqiblərin ikisini də rahatlıqla keçə bilər. Qurban Qurbanovun komandası yenidən Çempionlar Liqasının qrup mərhələsinə düşəcək”.
Konfrans Liqasında mübarizə aparan “Sabah”, “Zirə” və “Sumqayıt”ın da şanslarına toxunan V.Rzayev əlavə edib: “Düşünürəm ki, püşkatmada ən çətin rəqib “Sabah”a düşdü. “Makkabi”nin avrokubok təcrübəsi daha çoxdur. Hayfa klubu daha əvvəl “Xəzər Lənkəran” və “Neftçi” ilə oynadığı üçün bizə tanış rəqibdir. Təəssüf ki, həmin matçlarda üstünlük onlar tərəfində olub. Lakin İsrail və Azərbaycan futbolunun üslubu bir-birinə yaxındır. “Zirə”yə gəlincə, yuxumuza da girməzdi ki, ”Şerif” Bakıda iki qol vuracaq. Hər şey Salifu Sumanın qırmızı vərəqə almasından sonra dəyişdi. “Qartallar” Konfrans Liqasında Slovakiyanın “Dunayska Ştreda” kollektivi ilə qarşılaşacaq. Çətin matç olacaq, çünki bu ölkənin futbolu yüksək səviyyədə inkişaf edib. Milli komandası Avropa çempionatında layiqli mübarizə apardı. “Sumqayıt”ın da beynəlxalq arenada təcrübəsi az olsa da, Samir Abasov döyüşkən komanda qurub. Ümid edirəm ki, hər üç klubumuz növbəti mərhələyə adlayacaq”.
Qeyd edək ki, “Qarabağ” bu gün səfərdə “Linkoln”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Konfrans Liqasında mübarizə aparan komandalarımız isə mübarizəyə iyulun 25-də start verəcək.