MƏDƏNİYYƏT
“Vikipediya”nın özbək dili seqmenti üzrə Molla Pənah Vaqif haqqında yeni bölmə yaradılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “viki” könüllüləri “Vikipediya”nın özbək dili seqmenti üzrə XVIII əsrin Azərbaycan şairi, Qarabağ xanının vəziri, görkəmli dövlət xadimi Molla Pənah Vaqif haqqında yeni bölmə yaradıblar.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Yaradıcılıq” bölməsində şairin əsərlərinin bədii xüsusiyyətləri, mövzu və janrları haqqında məlumatlar öz əksini tapıb.
Bölmədə xalq arasında "Molla" titulunu almış Molla Pənah Vaqifin Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmiş şairlərdən biri olduğu qeyd edilir.
“Şairin bədii irsi” bölməsində isə Azərbaycan ədəbi irsinin qorunub saxlanmasına qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə şairin Şuşada məqbərəsinin ucaldıldığı barədə məlumatlar yer alıb.
Azərbaycan dövlətinin daim Molla Pənah Vaqifin yaradıcılığına mühüm diqqət verdiyi qeyd olunan bölmədə TÜRKSOY-un 2017-ci ili “Molla Pənah Vaqif ili” elan etməsi haqqında qərar qəbul etdiyi və şairin anadan olmasının 300 illiyinin geniş qeyd olunması münasibətilə 2017-ci il yanvarın 12-də dövlətimizin başçısının Sərəncam imzaladığı vurğulanır. Diqqətə çatdırılıb ki, 1992-ci ildə Ermənistanın silahlı birləşmələri Şuşanı işğal edərkən Vaqifin məqbərəsini də dağıdıblar. 2020-ci il 44 günlük Vətən müharibəsində şanlı Qələbədən sonra muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılaraq istifadəyə verilib.
“Vikipedia” elektron ensiklopediyasında “Molla Panah Vogif” özbək dilində bölmə ilə tanış olmaq istəyənlər https://uz.wikipedia.org/wiki/Molla_Panah_Vogif linkinə keçid edə bilərlər.