Virciniya ştatının qubernatoru silahlara nəzarət haqqında qanunlar imzalayıb
Vaşinqton, 11 aprel, AZƏRTAC
Virciniya ştatının qubernatoru Ralf Nortam silah əldə edilməsinə yeni məhdudiyyətlər haqqında bir neçə qanun imzalayıb. Uzun müddət silahlar üzərində nəzarət tədbirləri görülməsini dəstəkləyən Nortamın seçkiqabağı kampaniyası dövründə verdiyi vədlərdən biri də məhz bununla bağlı idi.
AZƏRTAC xəbər verir ki, Virciniya silah haqqında milli müzakirələrin episentridir. Keçən il demokratlar Virciniyanın qanunverici orqanı olan Baş Assambleya üzərində nəzarəti tamamilə öz əllərinə keçirəndən sonra bu mövzuda müzakirələr daha da fəallaşıb.
Bu il yanvar ayında ştatın bütün şəhərlərində on minlərlə silah sahibi silah əldə etməyə və silaha sahib olmağa yeni məhdudiyyətlərin tətbiqinə qarşı çıxış edib və ştatın paytaxtı Riçmond şəhərindəki Kapitoli binasının qarşısında etiraz aksiyası təşkil ediblər. Uzun müzakirələrdən sonra qanunvericilər silahlar üzərində nəzarət üzrə Nortamın təklif etdiyi tədbirlər paketində nəzərdə tutulan səkkiz məhdudiyyətdən yeddisini bəyəniblər.
Cümə günü qanun layihələri Baş Assambleya qəbul ediləndən sonra qubernator onları imzaladığını elan edib.
Silahlar üzərində nəzarətin tərəfdarları cümə günü bildiriblər ki, Virciniyada qazandıqları uğuru başqa ştatlarda da təkrarlamağı planlaşdırırlar. Silahların məhdudlaşdırılması üzrə sərt tədbirlər görülməsini dəstəkləyən "Everytown for Gun Safety" təşkilatının prezidenti Con Faynblatt deyib ki, bu il əsas ştatlarda, o cümlədən Arizona, Şimali Karolina və Pensilvaniyada silahlar üzərində yeni məhdudiyyətləri dəstəkləyən qanunvericilərin seçilməsi üçün xeyli vəsait xərcləməyi planlaşdırır.
AZƏRTACIN Vaşinqton bürosu