Voleybol üzrə birinci Liqa yarışlarına start verilib
Bakı, 24 yanvar, AZƏRTAC
Voleybol üzrə qadınlar və kişilər arasında birinci Liqa yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, 19 komandanın iştirak etdiyi yarışda 10 kişi, 9 qadın klubu mübarizə aparır.
Azərbaycan Voleybol Mərkəzində əvvəlcə meydançaya “Azərreyl-1” və “Xətai” komandaları çıxıblar. “Azərreyl-1” görüşdən 3:0 hesabı ilə qalib ayrılıb.
Oyundan sonra birinci Liqanın rəsmi açılış mərasimi olub.
Mərasimdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov və qurumun vitse-prezidentləri iştirak ediblər.
Komandalar meydançaya dəvət edildikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Federasiyanın vitse-prezidenti Vaqif Əliyev Azərbaycan voleybolunun uğurlarından danışıb, yarışın iştirakçılarına uğurlar arzulayıb.
Sonra birinci Liqa yarışları açıq elan olunub.
Açılış mərasimindən sonra Azərbaycan Voleybol Mərkəzində kişi komandalarından “ATU” və “BOS-Şelf” üz-üzə gəliblər. Görüş 3:1 hesabı ilə “BOS-Şelf” komandasının qələbəsi ilə başa çatıb. “Şəki”-“İqtisadçı” komandalarının görüşündə isə ikincilər 3:2 hesabı ilə qələbə qazanıblar.
Daha sonra qadın komandaları meydana çıxıblar. “Gəncə” ilə qarşılaşan UNEC komandası rəqibini 3:0 hesabı ilə məğlub edib.
Qadınlar və kişilər arasında birinci Liqa yarışları iki dövrədən, pley-off və final mərhələsindən ibarətdir.