İDMAN
VOLEYBOL ÜZRƏ OLİMPİYA LİSENZİYA TURNİRİ DAVAM EDİR
İdman-Konsert Kompleksinin meydançasına əvvəlcə İtaliya və Hollandiya komandaları çıxdılar.
Hər iki ölkənin dövlət himnləri səsləndi.
İtalyanlar hücum xarakterli oyun nümayiş etdirərək birinci hissədə 25:14, ikinci hissədə 25:13 hesabı ilə qalib gəldilər. Onlar üçüncü hissədə də yaxşı oynayaraq, görüşü 3:0 hesabı ilə öz xeyirlərinə başa çatdırdılar.
Xatırladaq ki, birinci görüşdə italyanlar türklərə uduzmuş, ikinci oyunda isə bolqarlara qalib gəlmişdilər.
İkinci oyunda qrup üzrə komandamızın rəqibləri - Almaniya və Polşa kollektivləri qarşılaşdılar. Bu komandalar turnirdə ilk oyunlarında meydançanı qələbə ilə tərk etmişdilər – almanlar Azərbaycan komandasına, polyaklar isə Rusiya kollektivinə üstün gəlmişdilər.
Görüş başlanmazdan əvvəl hər iki ölkənin dövlət himnləri səsləndi.
Avropa çempionları olan Polşa voleybolçuları birinci hissəni uğurla keçirdilər – 25:21. İkinci hissə də onların xeyrinə qurtardı – 29:27. Lakin üçüncü və dördüncü hissələr çox inamlı oyun nümayiş etdirən almanların qələbəsi ilə nəticələndi – 25:22 və 25:17. Nəticədə, turnirdə ilk dəfə olaraq, oyun beşinci hissədə davam etdirildi. Qüvvələrini səfərbərliyə alan Polşa voleybolçuları gərgin mübarizədə rəqiblərinə cüzi fərqlə (16:14) üstün gələrək, görüşü 3:2 hesabı ilə başa vurdular. Beləliklə, A qrupunda Polşa komandası liderdir.
Sonda meydançaya Türkiyə və Bolqarıstan yığmaları çıxdılar.
Hər iki ölkənin dövlət himnləri səsləndi.
Görüşün ilk dəqiqələrindən türklər təşəbbüsə yiyələndilər. Birinci hissə onların xeyrinə qurtardı – 25:19. İkinci hissədə bolqarlar daha yaxşı oynadılar – 25:18. Lakin bu, Türkiyə idmançılarını ruhdan salmadı və onlar üçüncü hissədə də özlərinə xas oyun nümayiş etdirdilər – 25:16. Görüşə dördüncü hissədə yekun vuruldu. Türklər qələbəni əldən vermədilər 25:19. Beləliklə, oyun Türkiyə yığma komandasının qələbəsi ilə sona yetdi – 3:1.
Yanvarın 8-də, turnirdə qrup oyunlarının sonuncu günü üç görüş keçiriləcək: Almaniya-Rusiya, Türkiyə-Hollandıya, Azərbaycan-Polşa.