İQTİSADİYYAT
Vüqar Bayramov: Yeni Fərman qeyri-neft sektorunda sahibkarların fəaliyyətini genişləndirəcək
![Vüqar Bayramov: Yeni Fərman qeyri-neft sektorunda sahibkarların fəaliyyətini genişləndirəcək](/files/2022/3/1200x630/16716082046384722838_1200x630.jpg)
Bakı, 21 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ” haqqında 2022-ci il 20 dekabr tarixli Fərmanı sahibkarların dövlət tərəfindən dəstəklənməsi və təşviqini, eyni zamanda, investisiya mühitinin daha da inkişaf etdirilməsini özündə ehtiva edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, bu Fərman investisiya təşviqi sənədlərinin verilməsi qaydalarının təkmilləşdirilməsində, həmçinin sektorlar üzrə minimum məbləğlərin təsdiqlənməsində rol oynayacaq. Belə ki, investisiya təşviqi sənədi Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda, sənaye məhəllələrində və aqroparklarda, turizm və rekreasiya zonalarında həyata keçiriləcək layihələrə aiddir. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə strateji investisiya layihələri təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 3 il ərzində verilir. Məqsəd fərdi sahibkarların, eləcə də fiziki və hüquqi şəxslərin daha yaxından dəstəklənməsi və onların vergi güzəştlərindən istifadə imkanlarının genişləndirilməsidir. Nəzərə alsaq ki, burada mənfəət, gəlir, ölkəyə texnologiyalar idxal edilən zaman xüsusi güzəştlər var və bu da biznesin inkişafı üçün yeni imkanlar açır.
“Sənəd birmənalı şəkildə, yerli biznesin inkişafını təşviq etməklə qeyri-neft sektorunda sahibkarların fəaliyyətinin genişləndirilməsinə və bütövlükdə enerjidən kənar sektorda istehsal həcminin artmasına imkan verəcək. Bu, eyni zamanda, “Azərbaycanın 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri”nə uyğundur. Praktik olaraq, yeni sənəd qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar deməkdir, - deyə deputat qeyd edib.