VYANA FORUMUNUN ERMƏNİSTANDA ƏKS-SƏDASI
“Ermənistanın səsi” (“Qolos Armenii”) ictimai-siyasi onlayn qəzeti aprelin 4-də Ermənistan Milli Elmlər Akademiyasının müxbir üzvü Babken Arutyunyanın “Üfüqdə ilğım” adlı məqaləsini dərc etmişdir. Məqalədə bu il martın 24-27-də Britaniyanın “İnternational Alert” təşkilatının himayəsi ilə Vyanada keçirilmiş Ermənistan-Azərbaycan forumunun nəticələrindən bəhs edilir. Məqalə müəllifinin fikrincə, həmin “dəyirmi masa”da Ermənistan, Azərbaycan və … qondarma “DQR”dən vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak etmişlər. Bu isə əsla həqiqətə uyğun deyil, çünki həmin foruma ATƏT-in Minsk qrupunun həmsədrlərindən əlavə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətdə mövcud olan və bəşəriyyətə məlum iki tərəfinin - Azərbaycanın və Ermənistanın nümayəndələri rəsmən dəvət olunmuşdu. Erməni nümayəndə heyətinin tərkibində özünü dünyada heç kəsə məlum olmayan “dövlətin xarici işlər nazirinin sabiq müavini” adlandıran və çoxmənalı tərzdə bu cür təqdim edən, Vyanaya da yəqin ki, Ermənistan Respublikasının xarici pasportu ilə gəlmiş birisinin iştirak etməsi faktı Avstriya paytaxtında keçən görüşün üçtərəfli xarakter daşımasını (özü də postfaktum) elan etmək üçün əsas vermir. Məqalə müəllifinə də çox yaxşı məlumdur ki, onların özlərinə təskinlik üçün bu cür bəyanatlar verməsi, adətən, müvafiq tədbirdən “əvvəl” və tədbirin “gedişində” deyil, həmin tədbir başa çatandan sonra mümkün olur (toydan sonra nağara), çünki əks halda, forum özü ümumiyyətlə baş tutmaya bilərdi. Görüşün təşkilatçıları bunu qəti bilir və başa düşürdü ki, əks təqdirdə, Azərbaycan nümayəndə heyəti bu cür “yığıncağa” gəlməkdən imtina edəcəkdir. Eyni qayda ilə Azərbaycan nümayəndə heyəti də öz tərkibinə Dağlıq Qarabağ regionundan olan birini cəlb edər, sonra isə respublika kütləvi informasiya vasitələrində car çəkərdi ki, həmin forumda “dörd tərəf” iştirak etmişdir. Lakin Azərbaycan nümayəndə heyəti özünü aldatmağı qarşısına məqsəd qoymur. Təsəvvür edin ki, NATO-nun , yaxud “böyük səkkizliyin” növbəti sammitində, Davos iqtisadi forumunda, təhlükəsizlik məsələlərinə həsr edilmiş Münxen konfransında, yaxud hansısa başqa bir beynəlxalq görüşdə Amerika nümayəndə heyətinin tərkibində bu yaxınlarda özünü müstəqil elan etmiş Lakota hindu qəbiləsinin bir nümayəndəsi olmuşdur. Aydındır ki, bu halda həmin tədbirin iştirakçısı olan ölkələrin sayı artmayacaqdır. Buna görə də ermənistanlı alimə məsləhət görməzdik ki, bu yaxşı təşəbbüsü korlasın və bu gözəl sülhyaratma təşəbbüsündən ölü doğulmuş, hələ öz valideynlərinin də tanımadığı körpənin reanimasiya edilməsi məqsədi ilə istifadə etməyə cəhd göstərsin.
İndi isə həmin məqalənin mahiyyətinə müraciət edək. Müəllif əsas hədəf kimi ATƏT-in Minsk qrupunun həmsədrlərini seçmişdir. Özünü konfliktologiya və diplomatiya məsələləri barədə çox “səriştəli” sayan məqalə müəllifi həmsədrləri səriştəsizlikdə ittiham edərək yazır: “Əgər Fasye, Brayzə və Merzlyakov cənabları Qarabağ münaqişəsi problemi ilə sadəcə olaraq tanış deyildirlərsə, onların bu cür nəcib missiyaya başçılıq etməyə yəqin ki, mənəvi haqqı yoxdur”. Yeri gəlmişkən xatırladaq ki, bu, həmin Babken Arutyunyandır ki, “Ermənistanın milli atlası”nı nəşr etmiş və müqəddimədə yazmışdır: “Bizim eradan əvvəl I əsrdə Yer kürəsində üç böyük dövlət olmuşdur: Roma, Ermənistan və Çin” (belə çıxır ki, o dövrdə Parfiya adlı dövlət də yox imiş, halbuki ermənilər növbə ilə gah Parfiyanın, gah da Romanın vassalları olmuşlar!); “705-ci ildə ərəblər onlara çatası məbləği ödətmək bəhanəsi ilə erməni naxararlarının əksəriyyətini aldadaraq Naxçıvana gətirmiş və iki kilsəyə doldurub yandırmışlar: bu, dövlətçilik üçün əvəz edilməz itki idi” (görəsən, bu kilsələr nə böyüklükdə imiş ki, nə vaxtsa “dünyanın üçüncü dövləti” sayılan ölkənin demoqrafiyası və dövlətçiliyinə zərər vuracaq sayda insanların yandırılması üçün kifayət etmişdir!); “Çar IV qurucu David ermənilər üçün Qora (Qori) şəhərini tikmişdir” (kiminsə yamanca bəxti gətirib ki, əslən Qoridən olan İ.Stalin 1937-ci ildə bunu bilmirmiş); “Maku şəhəri - İran Ermənistanıdır” (bəlkə Qlendeyl şəhəri də Kordilyer Ermənistanında, Qüds isə Yaxın Şərq Ermənistanında yerləşir). Bu cür cəfəng sitatlardan çox gətirmək olar. Görünür, “Ermənistanın milli atlası”nın, az qala, qlobusu demək istəyirdim, müəllifi həmin atlasa “Artsax Konstitusiyasında təsbit edilmiş hüdudlar daxilində DQR” xəritələrini də daxil etməklə göstərmək istəyir ki, o, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müqayisədə daha “səriştəli” və “qərəzsizdir”. Lakin gəlin Ermənistan akademiyasının müxbir üzvünün akademik nailiyyətlərini bir kənara qoyub, onun son məqaləsinə qayıdaq.
Babken Arutyunyan ATƏT-in Minsk qrupunun həmsədrlərini “Dağlıq Qarabağ ermənilərinə münasibətdə birtərəfli mövqe tutmaqda” təqsirləndirir. Lakin əvvələn Arutyunyanın yaddaşında zəifləmə halları olursa, ona xatırlatmaq istərdik ki, Dağlıq Qarabağ ermənilərindən əlavə, bu diyardan olan azərbaycanlılar da var və onlar da eyni hüquqlara malikdir. Qarabağ ermənilərini azərbaycanlıların hesabına xoşbəxt etməyə heç kəs imkan verməyəcəkdir. Əgər Arutyunyan həmin azərbaycanlıların güllə vıyıltısı, mərmi partlayışları və isterik “miatsum” bağırtıları altında od tutub yanan bölgədən çıxarılmasını labüd proses, vilayətin azərbaycanlı sakinlərinin özlərini isə oranın keçmiş sakinləri hesab edirsə, yaxın gələcəkdə o, öz ümidlərinin puça çıxmasından təəssüflənəcəkdir. Günəşin doğub-batması labüd olduğu kimi, Azərbaycan icmasının Dağlıq Qarabağ regionuna qayıtması da labüddür. Bu, təbiətin elə bir qanunudur ki, Arutyunyanın elmlər akademiyası onu ləğv edə bilməz. İkincisi, ümumiyyətlə, Arutyunyanın həmsədrləri nədəsə ittiham etməyə heç bir mənəvi haqqı yoxdur. Məlumdur ki, Qarabağ münaqişəsini başlayanlar nə azərbaycanlılar olub, nə də həmsədrlər. Üstəlik, ilk zorakılıq aktları 1987-ci ilin axırlarında Qafanda “əzabkeş xalqın” nümayəndələrinin “kəramətindən” başlanmışdı. İndi isə bu məsələni həmsədrlər yoluna qoymağa məcburdur, Arutyunyan isə hələ onları nədəsə ittiham da edir.
Fransalı həmsədr B.Fasye Azərbaycanın Dağlıq Qarabağa bitişik rayonlarının azad edilməsini, məcburi köçkünlərin öz evlərinə qayıtmasını və həm Bakı, həm də Yerevan üçün məqbul olan müvəqqəti statusu nəzərə alınmaqla, Dağlıq Qarabağın təhlükəsizliyinə təminat verilməsini real tədbirlər kimi səciyyələndirmişdir. Arutyunyan bunu “açıq-aşkar azərbaycanpərəst təklif” adlandıraraq bəyan edir ki, ermənilər çətin ki, buna razılıq versinlər. Ümumiyyətlə, o, həmin addımların Ermənistan-Azərbaycan münaqişəsinin həllinin təməli ola biləcəyinə şübhə edir. Onun nəzərinə çatdırmaq istərdik ki, əvvələn, ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları “bilərəkdən uduzmaq” oyunu deyil. Beynəlxalq hüquq var. Hər bir dövlət ya özü ona riayət etməlidir, ya da onu məcbur edəcəklər ki, bu hüquqa riayət etsin. Münaqişənin səbəbkarı kimi, seçimi Yerevan etməlidir. İkincisi, bu tədbirlər erməni aliminin dediyi kimi, azərbaycanpərəst təklif deyil, Madrid prinsiplərinin ilk mərhələləridir. Yeri gəlmişkən, Ermənistanın son iki prezidentinin iştirakı ilə artıq bir neçə ildir ki, həmin prinsiplər ətrafında danışıqlar aparılır. Buna görə də Arutyunyan “həyəcan siqnalı” verməkdə bir qədər gecikibdir.
Madrid prinsipləri həqiqətən ən ideal prinsiplər deyil, lakin onlarda azacıq da olsa, irəliləyiş nəzərdə tutulmuşdur, bu isə hərbi əməliyyatların yenidən başlanması ehtimalını xeyli azaldır. Buna görə də Arutyunyanın yersiz istehza ilə dediyindən fərqli olaraq, Qarabağ ermənilərinin öz çamadanlarını qablaşdıraraq, “başları hara, ayaqları da ora” prinsipi ilə yola çıxmasına heç bir ehtiyac yoxdur. Azərbaycan dövləti dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ və bütün Azərbaycan onların vətənidir. Lakin bu diyar həm də on minlərlə azərbaycanlının vətənidir və onların da öz doğma yerlərində təhlükəsiz yaşamağa haqqı var.
Madrid prinsiplərində həqiqətən kompromis nəzərdə tutulmuşdur, çünki bu prinsiplər bir tərəfdən, erməni icmasının Dağlıq Qarabağda təhlükəsiz yaşamasını təmin edir, digər tərəfdən, ermənilərin düşərgəsindəki bəzi “optimistlərin” vətən kimi Dağlıq Qarabağ və “Dağlıq Qarabağın əhalisi” anlayışlarını inhisara almasına imkan vermir. Bu bölgənin taleyini icmalardan birini oradan qovmaq, sonra isə “vətən hüququ” anlayışını saxtalaşdırmaq yolu ilə deyil, yalnız birlikdə həll etmək mümkündür. Azərbaycan dövləti Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi hüququndan heç vaxt imtina etməmişdir, bu şərtlə ki, həmin hüquq beynəlxalq hüququn əsas sənədləri - BMT-nin Nizamnaməsi, 1975-ci il Helsinki Yekun Aktı kimi sənədlər əsasında həyata keçirilsin və öz müqəddəratını təyin etmə prosesində diyarda aparılmış etnik təmizləmələrdən sonra orada qalmış ermənilər deyil, vilayətin bütün əhalisi iştirak etsin. Bütün bunlar qanunsuz işğal edilmiş ərazilər azad olunandan, ətraf ərazi minalardan təmizlənəndən, regionda dinc həyat və ermənilərlə Dağlıq Qarabağa qayıtmış məcburi köçkünlər arasında etimada əsaslanan münasibətlər bərpa ediləndən sonra mümkündür. Bu, “azərbaycanpərəst mövqe” və xüsusən, Arutyunyanın dediyi kimi, “ermənilər üçün tam təslim olmaq” deyil, reallıqlara və beynəlxalq hüquqa əsaslanan kompromisdir. Dağlıq Qarabağa bitişik yeddi rayonun işğal olunmasından və etnik təmizləmələr fonunda Qarabağ ermənilərinin “dövlətinin” elan edilməsindən imtina edilməsini “güzəşt” kimi qələmə vermək olmaz. Bunların qanunsuz hərəkətlər olmasını dünya birliyinin bu əməllərin nəticələrini tanımaqdan imtina etməsi də təsdiqləyir və tərslik etmək əvəzinə, bu faktla hesablaşmaq lazımdır. Qanunsuzluğun aradan qaldırılması isə güzəşt deyil, substansiyadır, gerçəklikdir, başlanğıc nöqtəyə qayıtmaqdır, yaxud Barak Obamanın sözləri ilə desək, “yenidənyüklənmə”dir. Əgər hakim oyundan kənar vəziyyətdən vurulmuş qolu saymırsa, bu, kiminsə xoşuna gəlməyə bilər. Lakin ciddi qaydalar var və ərazilərin işğal edilməsi, etnik təmizləmələr, dövlətin tərkibindən birtərəfli şəkildə çıxmaq bu qaydalara daxil deyil. Belə hallarda hakimə hücum etmək və qaydaları öz xeyrinə yenidən yazmağa çalışmaq deyil, qaydalarla hesablaşmaq lazımdır. Əks halda, bumeranq qayıdacaq və o biri komanda da qaydasız oynamağa başlayacaq - Ermənistanın yarısını işğal edəcək, orada oyuncaq hökumət quracaq və vaxtilə oradan qovulmuş qaçqınların varislərinin öz müqəddəratını təyin etməsindən danışmağa başlayacaqdır. Qaydalara riayət edilməsi nə təslim olmaq deməkdir, nə də güzəşt, bu, şərtdir.
Arutyunyan narazılıqla yazır “Sual olunur, Azərbaycan icmasının qeydinə bu cür qalan cənab Fasye nə üçün Azərbaycan hökuməti tərəfindən təkcə Bakıdan, Sumqayıtdan, Şamaxıdan deyil, taleyin hökmü ilə və sovet partiya orqanlarının “şıltaqlığı” üzündən Azərbaycan SSRİ-nin tərkibinə düşmüş əzəli erməni torpaqlarından da zorla deportasiya edilmiş yüz minlərlə qaçqın ermənini tamamilə unudur? Keçmiş Gülüstan məlikliyində və bu yaxınlara qədər Şaumyanın adını daşıyan rayonda neçə erməni var? Heç neçə. Gülüstan ilə ermənilərin qədimdən yaşadığı Tavuş arasındakı ən azı beş min kvadratkilometr ərazi “ermənisizləşdirilmişdir”. Cənab Fasye nə üçün onların problemini bu cür inadla təkzib edir?”. Azərbaycan ərazisində “əzəli erməni torpaqları” və xüsusən 1998-ci ilin noyabr-dekabr aylarında iki həftə müddətində Ermənistan SSR-in 10 min kvadratkilometr ərazisinin (Ermənistanın bütün ərazisinin üçdə bir hissəsindən çoxunun!) “azərbaycansızlaşdırılması” fonunda “ermənisizləşdirilmiş” beş min kvadratkilometr ərazi barədə tezisi bir kənara qoyaq. Taleyin istehzası və sovet partiya orqanlarının “şıltaqlığı” məsələsinə gəldikdə isə, elə həmin orqanların iradəsi ilə əvvəlcə Zəngəzur, sonra Şərqi Göyçə, Dərələyəz, Zəngibasar, keçmiş Qazax qəzasının geniş əraziləri Ermənistanın tərkibinə keçmişdir. 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsinin şərtlərinə görə, tarixən yaxın vaxtlarda ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi şəkildə Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi baxımından “əyyam-qədim” anlayışının mənası barədə də müzakirə açmaq fikrində deyilik. Yeri gəlmişkən, ermənilərlə özləri həmin köçürülmənin 150 illiyi münasibətilə DQMV-nin Mardakert rayonunun Leninavan qəsəbəsində abidə qoymuş, sonra isə tez-tələsik həmin abidəni məhv edərək, “əyyam-qədimdən” qalma izləri itirmişlər. Nəhayət, qədim erməni toponimlərinə heç bir aidiyyəti olmayan “Gülüstan” və “Şaumyan” toponimləri ilə əlaqədar xatırlatmaq istərdik ki, Ermənistan xəritələrində 400-dən çox türk adı silinmişdir və yəqin ki, bunda “Ermənistanın milli atlası”nın naşirinin də köməyi olmuşdur. Bütün bunlar barədə çox yazılmış, çox deyilmişdir. Yaxşısı budur, başqa məsələlər üzərində dayanaq.
Dağlıq Qarabağ azərbaycanlıları ilə Şamaxıdan, Gülüstandan, Gəncədən, Şəmkirdən, Naxçıvandan və Azərbaycanın başqa regionlarından olan ermənilərlə müqayisə etmək yolverilməzdir. Kütləvi informasiya vasitələrində dəfələrlə vurğulanmışdır ki, Dağlıq Qarabağ azərbaycanlılarının ekvivalenti keçmiş DQMV hüdudlarında yaşayan Dağlıq Qarabağ erməniləridir. Azərbaycanın başqa regionlarından olan ermənilərin isə öz ekvivalenti var. Bunlar 1988-ci ilə qədər Ermənistan SSR-də yaşamış azərbaycanlılar və onların varisləridir. Dağlıq Qarabağın azərbaycanlı icması heç bir ilkin şərt qoyulmadan öz evlərinə qayıtmalıdır. Ən azı ona görə ki, orada bu icmanın erməni analoqu olan erməni icması yaşayır. Dağlıq Qarabağda ya hər iki icma bərabər hüquqlarla yaşamalıdır, ya da onların heç biri orada yaşamamalıdır! Erməni politoloqların Dağlıq Qarabağ azərbaycanlılarını Azərbaycanın başqa regionlarından olan ermənilərlə əlaqələndirmək və Dağlıq Qarabağ ermənilərini bir növ kənarda saxlamaq cəhdi çox hiyləgər, lakin sadəlövhlər üçün nəzərdə tutulmuş bəsit gedişdir. Amma Azərbaycanda sadəlövhlər yoxdur. Allaha şükür, saymağı bacarırıq. Əgər Arutyunyan Qarabağdan olmayan ermənilərin qeydinə qalırsa, Azərbaycan bəlkə də onların əvvəl yaşadığı yerlərə qaytarılması məsələsinə baxa bilər, bu şərtlə ki, Ermənistanda onların həqiqi ekvivalentinin - 1948-1951-ci illərdə və 1988-ci ildə deportasiya edilmiş azərbaycanlıların və onların varislərinin geri qayıtması üçün şərait yaradılsın və onlara Dağlıq Qarabağla eyni dərəcədə muxtariyyət verilsin. Hadisələr bu ssenari üzrə inkişaf edəcəyi təqdirdə Ermənistanın demoqrafiyasının nə vəziyyətə düşəcəyini Arutyunyan bilməsə yaxşıdır. Bununla əlaqədar həmsədrləri son dərəcədə ehtiyatlı olmağa və erməni düşərgəsindən olan, özlərini çox ağıllı hesab edənlərin bu cür möhtəkirliklərinin kökünü kəsməyə çağırmaq istərdik.
Arutyunyan yazır: “Erməni xalqı Ermənistan Respublikası ilə DQR-in birləşdirilməsindən imtina etməklə artıq kompromisə getmişdir. İndi növbə Azərbaycan tərəfinindir!”. Əvvələn, ermənilər Dağlıq Qarabağın nəticə etibarilə Ermənistana birləşdirilməsindən heç vaxt imtina etməmişlər. Onlar Arutyunyanın “Ermənistanın milli atlası”nda tərənnüm etdiyi uydurma “Dənizdən dənizə böyük Ermənistan” dövlətini ona görə bərpa etməyə çalışmırlar ki, sonradan onu öz əlləri ilə xırda hissələrə bölsünlər. Məsələ bunda deyil. Əhəmiyyətlisi başqa məsələdir. Arutyunyan “kompromis” adı ilə Azərbaycan üçün heç bir əhəmiyyət olmayan şeyi bizə sırımağa çalışır. Əgər hər iki halda Azərbaycan dövlətinin ərazi bütövlüyü pozulacaqsa, onda Dağlıq Qarabağın Ermənistanla birləşməsinin, yaxud onun müstəqil dövlət olmasının Bakı üçün nə fərqi var?! Azərbaycanın suveren ərazisinin bir hissəsinin dövlətin tərkibindən çıxması faktının özü Azərbaycan üçün yolverilməzdir. O ki qaldı separatçıların gələcək niyyətlərinə - Ermənistanın tərkibinə daxil olmağa, Afrikaya birləşməyə, yaxud Aya uçub getməyə - bunlar Azərbaycan xalqını əslində narahat edən məsələlər deyil. Bu cür “əliaçıqlığın” cavabında Azərbaycan da artistlik edərək, məsələn, Yerevanın ona qaytarılmasından, yaxud 1828-ci ildə gələcək Azərbaycan kolxozlarının əkin torpaqlarının ələ keçirilməsinə görə özünə dəymiş maddi ziyanın ödənilməsindən imtina etməklə bu cür “kompromisə” gedə bilər. Yəni, bütün bunlar ciddi söhbətlər deyil. Əslində isə, Ermənistanda azərbaycanlıların qalmaması və Azərbaycanda ermənilərə ən geniş muxtariyyət verilməsi bu gün Azərbaycan xalqı tərəfindən kompromisdir. Hərçənd, etiraf etməliyəm ki, sıravi azərbaycanlı kimi bu kompromis məni əsla qane etmir. Xocalıda törədilmiş hərbi cinayətlərdə birbaşa iştirakı barədə ciddi sübutlar olan şəxslərlə danışıqlar aparmağa Bakının razılıq verməsi də məni o qədər qane etmir. Lakin kompromisə ona görə kompromis deyirlər ki, o, regionda sülhün bərpa edilməsi naminə insanın daxilən güzəştə getməsini tələb edir.
Arutyunyan məqalənin sonunda Kosovo ssenarisindən bərk-bərk yapışmağa və bu modeli Ermənistan-Azərbaycan münaqişəsinin həllinə tətbiq etməyə çalışır. Erməni alim həmsədrlərə öyüd-nəsihət verir: “Ümumiyyətlə, ikili standartları rəhbər tutmaq olmaz. Kosovo albanları kimi, Qarabağ ermənilərinin də bir dövlət kimi mövcud olmaq hüququ var! Qərb Kosovonun müstəqilliyini tanımaqla müasir dünyanın yenidən qurulmasının təməlini qoymuşdur. Ermənilərin birləşmək istəyi tamamilə haqlı istəkdir. Bu, separatçılıq deyil”. Lakin erməni kimi o, Kosovo presedentini xatırlatmaq əvəzinə, bu ssenarinin Dağlıq Qarabağda tətbiq edilə bilməməsi haqqında tezisi azərbaycanlıların özlərindən daha fəal müdafiə etməli idi. Ona görə ki, Kosovoda ucdantutma deportasiyaya məruz qalan albanlar olmuşdur, Dağlıq Qarabağda isə ermənilər özləri etnik təmizləmə aparmışlar. Dünya birliyi Kosovonun müstəqilliyinə Obamanın dediyi həmin “yenidənyüklənmə”dən SONRA, yəni, zavallı qaçqınlar bu diyara qaytarıldıqdan sonra və onların sonrakı fiziki təhlükəsizliyini təmin etmək məqsədi ilə nail olmuşdur. Bəs Qarabağ ermənilərinə nəyə görə müstəqillik verilməlidir? Serbiya polisinin apardığı kimi uğurlu etnik təmizləmələrə görəmi, yoxsa Xocalı hadisələrinə və Azərbaycan icmasının öz evlərinə qayıtmasına müqavimət göstərilməsinə görəmi? Burada rolların dolaşıq salınması göz qabağındadır. Bəzi “ağıllılar” Kosovo presedentindən istifadə olunmasını tələb edirsə, onda köçkünləri Dağlıq Qarabağa qaytarmaq (albanların Kosovoya qaytarıldığı kimi), onları vaxtilə oradan qovanlardan qorumaq, hərbi caniləri isə Haaqaya göndərmək lazımdır. Axı, əslində, Kosovonun dünya xəritəsində müstəqil dövlət kimi yaranmasına səbəb bu olmuşdur ki, orada (elə Bosniyada da) bu etnik təmizləmələrdə və deportasiyalarda təqsirkar tərəf olan Serbiya cəzalandırılmışdır. Arutyunyan isə əksinə, Qarabağ ermənilərinin analoji cinayətlərə - deportasiyalara, soyğunçuluğa, Xocalı qırğınına, Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan işğal edilmiş şəhərləri və kəndləri dağıtmağa, onların daşını-kərpicini də daşıyıb aparmağa görə mükafatlandırılmasını təklif edir. Cənubi Qafqazda Kosovo presedentindən istifadə edilməsi təcavüzkarlığına və apardığı etnik təmizləmələrə görə Ermənistanın NATO tərəfindən bombardman edilməsi, azərbaycanlıların Zəngəzura və Şərqi Göyçəyə qaytarılması və orada dünya birliyi tərəfindən qorunan ikinci müstəqil Azərbaycan dövləti yaradılması deməkdir. Siz bunu istəyirsinizmi, cənab Arutyunyan? Şəxsən mən Kosovo presedentindən istifadə olunmasına əsla etiraz etmirəm.
Lakin Kosovo dövlətinin yarandığı zəminin humanitar xarakterinə baxmayaraq, Azərbaycan beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini rəhbər tutaraq, onun müstəqilliyini tanımamışdır. Alim Arutyunyanın timsalında erməni ziyalıları da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hər iki dövlətin ərazi bütövlüyünə riayət olunmadan tənzimlənməsinin qeyri-mümkün olmasını nə qədər tez başa düşsə, regionda sülh və əmin-amanlıq bir o qədər tez bərpa olunar. Əks halda, bəzi yerlərdə adamlar daim səksəkəli vəziyyətdə və köç əhval-ruhiyyəsində olacaqlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin