DÜNYA
Vyetnamda “Yaqi” qasırğası qurbanlarının sayı 200-ə yaxınlaşır
Pekin, 12 sentyabr, AZƏRTAC
Vyetnamda "Yaqi" qasırğası və onun səbəb olduğu sürüşmə, daşqın nəticəsində ölənlərin sayı 197-yə yüksəlib, yüzlərlə sakin itkin hesab olunur.
AZƏRTAC Vyetnam mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Kənd Məsələləri Nazirliyi açıqlama yayıb. Asiyada ilin ən güclü qasırğası olan “Yaqi” Vyetnamın şimal hissəsində böyük dağıntılar törədib. Qasırğanın gətirdiyi külək və şiddətli yağışlar paytaxt Hanoyda, Hayfonq, Hayduanq şəhərlərində, Yenbay, Kuanqnin, Laokay və Lanqson əyalətlərində infrastruktura, istehsal müəssisələrinə, fərdi evlərə, kommunikasiya və elektrik xətlərinə ziyan vurub, ağacları aşırıb. Təkcə Hanoyda 17 min ağaca ziyan dəyib. Qasırğa 121 min hektar əkin sahəsində bitkiləri, 5 min hektar sahədə meyvə ağaclarını məhv edib, 3 milyon istehlakçının elektrik təchizatında fasilələr yaranıb. Avtomobil yollarının və körpülərin dağılması səbəbindən bəzi yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsi kəsilib. Bir neçə hava limanında ümumilikdə 400 uçuş ləğv edilib.
Hanoydan keçən Qırmızı çayda suyun səviyyəsi 11,1 metrə çatıb ki, bu da 2004-cü ildən bəri ən yuxarı göstəricidir. Şəhərin müxtəlif hissələrində küçələri su basıb. Paytaxtda yarımzirzəmi evlərdə yaşayanları təxliyə etmək üçün hərbçilər cəlb olunub.
Qeyd edək ki, “Yaqi” son 30 ildə Vyetnamı vuran ən güclü qasırğa hesab olunur. Qasırğa sentyabrın 7-də Vyetnam sahillərinə çatıb və sonra qərbə doğru hərəkət edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin