“World Skills Asia” təşkilatının illik ümumi yığıncağı keçirilib
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycanın nümayəndə heyəti “World Skills Asia” (“WSA”) təşkilatının illik ümumi yığıncağına qatılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan da daxil olmaqla on iki ölkənin təşkilata üzvlüyü elan edilib. Yığıncaqda çıxış edən “WSA” təşkilatının İcraçı direktoru Farah Əl Suvaidi təmsil etdiyi platformanın region ölkələrində peşəkar kadrların yetişməsinə, peşə təhsili sistemi və standartlarının təkmilləşməsinə müsbət təsir edəcəyinə inandığını vurğulayıb.
Görüşə qatılanları məlumatlandırmaq məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov Azərbaycanda peşə təhsilinin təşkili və onun cari vəziyyəti barədə qısa təqdimat edib.
Yığıncaqda müzakirə edilən əsas mövzular sırasında növbəti il ərzində həyata keçiriləcək fəaliyyət istiqamətləri də yer alıb.
Xatırladaq ki, “World Skills Asia” təşkilatının regional səviyyədə dəstək olduğu “World Skills” hərəkatı dövlət, təhsil və özəl sektoru bir çətir altında toplamağa və peşə ixtisasları vasitəsilə rifahın yüksəldilməsinə imkan verən, dünya üzrə peşə təhsili kvalifikasiyasının, peşəkarlıq standartının artırılmasına xidmət edən unikal platformadır.