WUF13 gənc tədqiqatçılar üçün mühüm beynəlxalq platformadır
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin Logistika və Nəqliyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində şəhərdaxili hərəkətlilik (mobillik) planlarının hazırlanması üzrə məsləhət xidmətləri göstərib.
Layihənin icrasına Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi, eləcə də Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedralarının əməkdaşları cəlb olunub. Bununla yanaşı, Nəqliyyat və logistika fakültəsinin 80-ə yaxın tələbəsi və müvafiq ixtisaslar üzrə təhsil alan 40-a yaxın magistrant şəhərlərdə aparılan sorğu və monitorinqlərdə iştirak ediblər.
Layihənin nəticələri WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təqdim olunub. Sərgidə Azərbaycan Texniki Universitetinin Logistika və Nəqliyyat İnstitutunun elmi işçiləri Röyal Allahverdiyev və Məmməd Məmmədov “Şəhərdaxili hərəkətlilik planı” layihəsini nümayiş etdiriblər.
Bu barədə AZƏRTAC-a AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova məlumat verib. O, qeyd edib ki, təqdim olunan mobillik planlarının hazırlanması zamanı müasir proqram təminatlarından geniş istifadə olunub. Layihənin əsas məqsədi şəhərlərdə ictimai nəqliyyat sisteminin və avtobus marşrut şəbəkəsinin təkmilləşdirilməsi, sərnişin və piyadaların təyinat məntəqəsinə daha operativ çatdırılması, piyada və velosiped infrastrukturlarının yaradılması, yol hərəkətinin təşkilinin optimallaşdırılması və şəhər nəqliyyat sisteminin dinamikliyinin artırılmasıdır.
Layihə çərçivəsində, həmçinin şəhər ərazisində yerləşən istirahət, ticarət, təhsil və iş mərkəzlərinə rahat çıxış imkanlarının təmin olunması, eləcə də nəqliyyat mübadilə mərkəzlərinin yaradılması üzrə tədbirlər planının hazırlanması nəzərdə tutulur.
Sevinc İsgəndərova qeyd edib ki, WUF13 çərçivəsində əldə olunan beynəlxalq təcrübə və qurulan əlaqələr tələbə və tədqiqatçıların elmi fəaliyyətinə mühüm töhfə verir. Onun sözlərinə görə, belə platformalar Azərbaycan alimlərinin innovativ ideyalarının beynəlxalq auditoriyaya təqdim olunması və yeni elmi əməkdaşlıqların formalaşması baxımından böyük əhəmiyyət daşıyır.