CƏMİYYƏT
Xabarovsk vilayətindəki Azərbaycan diasporunun nümayəndələri mükafatlandırılıblar
Moskva, 14 oktyabr, AZƏRTAC
“Azərbaycanlılar Birliyi” Xabarovsk vilayətinin ictimai təşkilatı “Rusiya: etnik komfort. Uzaq Şərq xalqlarının tarixi, mədəniyyəti, ənənələri” II Regionlararası gənclər forumunda iştirak edib.
AZƏRTAC xəbər verir ki, forumda “Azərbaycanlılar Birliyi”ni Səbinə İsgəndərovanın rəhbərliyi ilə gənclər təmsil edib. Gənclər komandası Uzaq Şərqdə yaşayan xalqların birləşməsinə və mədəniyyətlərinin müxtəlifliyi ilə tanışlığına yönəlmiş “Mədəniyyətlərin kaleydoskopu” Beynəlxalq festival layihəsini təqdim edib. Komandaya II dərəcəli diplom və müsabiqənin tərəfdaşlarından xatirə mükafatları təqdim edilib.
Həmçinin festival çərçivəsində N.İ.Qrodekov adına Xabarovsk Regional Muzeyində müxtəlif millətlərin nümayəndələrinin yarmarkası təşkil olunub. Yarmarka ziyarətçiləri Azərbaycanın stendinə xüsusi maraq göstəriblər, burada musiqi alətləri, tətbiqi sənət atributları və milli mətbəx nümayiş olunub.
Tədbirin sonunda “Azərbaycanlılar Birliyi” Xabarovsk vilayətinin ictimai təşkilatının sədri Məmməd İsgəndərov və Azərbaycan Gənclər İttifaqının rəhbəri Səbinə İsgəndərova Xabarovsk Prezident Akademiyası adından təşəkkürnamələrlə təltif edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva