Xaçmazda çay daşı üzərində oyma əsərlərindən ibarət sərgi açılıb
Xaçmaz, 25 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 25-də Xaçmaz Dövlət Rəsm Qalereyasında çay daşı üzərində oyma ustası Ədalət Pirverdiyevin əl işlərindən ibarət sərgi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində təşkil olunan sərginin məqsədi bu kimi sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsindən ibarətdir.
Sərginin açılış mərasimində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək, regionda dekorativ-tətbiqi sənət növünün yaşadılması və inkişafı məqsədilə regional idarə tərəfindən xüsusi layihə hazırlandığını və gələcəkdə sənətkarların əl işlərinin satışı üçün sərgi-satış mərkəzlərinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. O, bu sənət növlərinin gələcək nəsillərə ötürülməsi məqsədilə dərnəklərin açılmasının vacibliyini vurğulayıb.
Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova belə sərgilərin keçirilməsinin sənətkarların fəaliyyətinə xüsusi təkan verəcəyini bildirərək, Ə.Pirverdiyevə fəaliyyətində uğurlar arzulayıb.
Ə.Pirverdiyevə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyə təqdim edilib.
Açılış mərasimindən sonra sərgiyə baxış keçirilib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Ədalət Pirverdiyev daş üzərində oyma sənəti üzrə ölkəmizdə tanınmış rəssamlardandır. 25 ildir bu işlə məşğul olan sənətkarın müxtəlif mövzularda 500-dən çox əl işi var. O, daha çox portret, abstrakt və mənzərə janrlarına üstünlük verir. Ə.Pirverdiyev Azərbaycanın bir çox siyasi, ictimai, mədəniyyət və incəsənət xadiminin, eləcə də görkəmli şair və yazıçısının portretlərini daş üzərinə həkk edib.
Bu kimi sərgilərin növbəti günlərdə Quba, Qusar, Şabran və Siyəzən rayonlarında da təşkil edilməsi nəzərdə tutulub.