Xaçmazda polis əməkdaşları məktəbliləri COVID-19 pandemiyası ilə bağlı maarifləndiriblər
Xaçmaz, 8 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları məktəbliləri COVID-19 pandemiyası ilə bağlı maarifləndiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə şagirdlərlə görüş keçirərək, onlara koronavirus infeksiyasının fəsadları barədə məlumat veriblər.
Bildirilib ki, artıq pandemiyanın ölkə ərazisində yayılmasında azalmalar müşahidə edilir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən müvafiq qərarla isə fevralın əvvəlindən ölkə üzrə təhsil müəssisələrinin fəaliyyəti bərpa edilib. Buna baxmayaraq, həyata keçirilən yumşalma tədbirləri vətəndaşlar arasında arxayınlıq yaratmamalı, hər bir şəxs təyin olunmuş qaydalara ciddi riayət etməlidir. Təhsil ocaqlarına daxil olan hər bir şəxs, istər müəllimlər, istərsə də şagirdlər diqqətli olmalı, mütləq qaydada sanitar-epidemioloji qaydalara riayət etməli və pandemiyanın yenidən yayılmasının qarşısının alınmasına iştirak etməlidir.
Görüşün sonunda məktəbin rəhbərliyi və müəllimlər keçirilən maarifləndirici görüşə görə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.