Xaçmazda şəhid Əlfəddin Mursaquliyevin xatirəsi anılıb VİDEO
Xaçmaz, 24 iyun, AZƏRTAC
Xaçmazda Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Əlfəddin Mursaquliyevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin 60-cı doğum günü ərəfəsində təşkil olunan anım mərasimində Əlfəddinin qısa və şərəfli ömür yolundan, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi şücaətdən danışılıb.
Tədbir iştirakçıları əvvəlcə Xaçmaz rayonunun Qusarçay kəndində şəhidlərin xatirəsinin əbədiləşdirildiyi abidə-bulaq kompleksini ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarını yad ediblər. Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbində davam edən tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, məktəb kollektivi, Əlfəddin Mursaquliyevin döyüş yoldaşları və doğmaları iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel Didarov, şəhidin oğlu, Azərbaycan Ordusunun zabiti Vurğun Mursaquliyev, qızı Xoşqədəm Mursaquliyeva, Qusarçay kənd sakini, iş adamı Xanlar Eldarov və başqaları çıxışlarında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsinin daim yaddaşlarda yaşayacağını qeyd ediblər. Bildirilib ki, şəhid Mursaquliyev Əlfəddin Xanməd oğlu 28 iyun 1966-cı ildə Xaçmaz rayonunun Qusarçay kəndində dünyaya göz açıb. Məktəb illərində çalışqanlığı və intizamı ilə fərqlənib. 1984-cü ildə hərbi xidmətə yollanaraq sovet ordusu sıralarında, Altay diyarında nümunəvi əsgər kimi hərbi hazırlıq və döyüş bacarığı qazanıb.1988-ci ildə ailə həyatı quran Əlfəddin Mursaquliyev ilk övladına Vurğun adını verib. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü genişlənəndə Əlfəddin Mursaquliyev könüllü olaraq ordu sıralarına qatılıb. Əvvəlcə Sumqayıt şəhərində gizir kimi xidmət etməyə başlayan Əlfəddin qısa müddət sonra ön cəbhəyə yollanıb. Füzuli və Ağdam istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edən Əlfəddin böyük igidlik və şücaət nümayiş etdirib.
Döyüş yoldaşları onu qorxmazlığı, dəmir iradəsi və vətənpərvərliyi ilə xatırlayırlar. Ən çətin anlarda belə geri çəkilməyən Əlfəddin yaralı əsgərlərin döyüş bölgəsindən çıxarılmasında xüsusi qəhrəmanlıq göstərib, silahdaşlarının həyatını xilas edərkən dəfələrlə ölümlə üz-üzə qalıb.
1993-cü il iyunun 16-da Ağdam rayonunun Əlimədətli kəndi uğrunda gedən ağır döyüşlərdə Əlfəddin Mursaquliyev itkin düşüb. Ailəsi uzun müddət ondan bir xəbər ala bilməyib. Daha sonra onun şəhid olduğu müəyyən edilib və şəhidlik statusu verilib.
Əlfəddin Mursaquliyevin şəhidliyindən cəmi dörd gün sonra - 1993-cü ilin 20 iyun tarixində onun qızı dünyaya göz açıb. Körpə qız atasını heç zaman görə bilməsə də, qəhrəmanın adı, xatirəsi və şərəfli mirası ilə böyüyüb.
Anım mərasimində çıxış edənlər şəhid Əlfəddin Mursaquliyevin adının həmişə ailəsinin, övladlarının, nəvələrinin və onu tanıyan hər kəsin qəlbində böyük ehtiramla yaşadığını qeyd ediblər.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən də bəhs ediblər. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman oğulların xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğalda olan torpaqlarımız azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edib.
Mərasimin sonunda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib.
Qeyd edək ki, Xaçmaz rayonunun Qusarçay kəndi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə doqquz şəhid verib. Onlardan üç nəfəri 44 günlük Vətən müharibəsində, altı nəfəri isə Birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalıb.