Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır VİDEO
Xankəndi, 18 iyun, AZƏRTAC
Qarabağ Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyidir. Bizim missiyamız əsrlərdən süzülüb gələn zəngin musiqi ənənələrini gənc nəslə tədris etmək və yaşatmaqdır. Qarabağ Universitetində çox istedadlı tələbələr təhsil alırlar. Onların nəzəri və praktiki biliklərini inkişaf etdirərək peşəkar səhnə fəaliyyətinə hazırlayırıq.
Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin müəllimi dosent, Xalq artisti Elşən Mansurov deyib.
O qeyd edib ki, tələbələrin musiqiyə böyük marağı var. “Qarabağ Universitetində çalışan müəllimlərin böyük əksəriyyəti tanınmış muğam və musiqi ifaçılarıdır. İnanırıq ki, bu ənənə davam edəcək, gələcəkdə Qarabağ Universiteti ölkəmizə yeni tanınmış musiqiçilər və sənətkarlar bəxş edəcək. Bizim əsas vəzifəmiz isə onlarda sənətə sevgi ilə yanaşı, məsuliyyət hissini də formalaşdırmaqdır”, - deyə E.Mansurov əlavə edib.