MƏDƏNİYYƏT
Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 illiyi qeyd edilib
Bakı, 17 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, yubiley münasibətilə teatrın hazırladığı “Sənsiz” tamaşasının premyerası olub.
Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Qonaqlar əvvəlcə teatrın foyesində rejissorun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə bildirib ki, böyük rejissor Tofiq Kazımovun 100 illik yubileyi Prezident İlham Əliyevin 2023-cü il 3 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Bildirilib ki, Tofiq Kazımovun milli teatr sənətinə böyük xidmətlərindən biri də istedadlı gənclərə meydan verməsi, yol açmasıdır. Elə bu nüans nəzərə alınaraq, nümayiş olunacaq tamaşanın rejissoru, rəssamı və bəstəkarı da gənclərdir. Onların hər üçü bu gün bu məsuliyyəti hiss edir.
Sonra Mehriban Ələkbərzadənin müəllifi olduğu, görkəmli rejissor Tofiq Kazımovun yaradıcılıq yolundan bəhs edən 10 dəqiqəlik qısametrajlı film nümayiş olunub.
Daha sonra yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim edilib.
Səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.
Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırıblar.