Xalqımızın qan yaddaşı, milli qürur günü
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Xalqımızın qan yaddaşı, milli qürur günü” adlı anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Niyazinin mənzil-muzeyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova 20 Yanvar hadisələrindən danışıb və xalqımızın başına gətirilən bu qanlı hadisənin heç vaxt yaddaşlardan silinməyəcəyini söyləyib.
Muzeyin şöbə müdiri Əzirə Abdullayeva “Xalqımızın qan yaddaşı milli qürur günü” mövzusunda çıxış edib.
Tədbirdə şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqi proqramı təqdim edilib. Bütün çıxışlar 20 Yanvar hadisələrini əks etdirən videogörüntülərlə müşayiət olunub.