RƏSMİ XRONİKA
XANIM QALİNA VİŞNEVSKAYAYA
Hörmətli Qalina Pavlovna,
Həyat yoldaşınız, böyük həmyerlimiz, dünya musiqi mədəniyyətinin görkəmli xadimi Mstislav Leopoldoviç Rostropoviçin vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Mstislav Rostropoviçin bütün doğmalarına və yaxınlarına ən dərin hüznlə başsağlığı verir və dərdinizə şərik çıxıram.
Dünyaşöhrətli musiqiçi-ifaçı, Tanrı vergisi olan violonçelçalan, dirijor, planetin ən yaxşı simfonik orkestrləri ilə misilsiz uğurla çıxış etmiş Mstislav Rostropoviçin adı dünya musiqi sənətinin xəzinəsinə əbədi daxil olmuşdur.
Mstislav Rostropoviç həqiqətən dünya vətəndaşı, görkəmli ictimai xadim, humanizmin və ümumbəşəri dəyərlərin ülvi amallarını həmişə və hər yerdə qoruyan ən yüksək mənəviyyata malik insan olmuşdur. O, bizim xatirəmizdə həmişə parlaq, qeyri-adi şəxsiyyət, gözəl, son dərəcə cəzbedici və xariqüladə bir insan kimi qalacaqdır.
Bizim hamımıza ağır, əvəzsiz itki üz vermişdir. Mən və Mehriban xanım bu dərdi Sizinlə bölüşür, dərindən kədərlənir və Sizə səmimiyyətlə başsağlığı veririk.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 aprel 2007-ci il.