XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ BEYNƏLXALQ QIZIL XAÇ KOMİTƏSİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Meri Vernts ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə bir sıra müsbət dəyişikliklərin olduğunu bildirmiş və bu inkişafın artan templə, məqsədyönlü şəkildə getdiyini demişdir. Keçmiş sovet ölkələri arasında Azərbaycanın fərqli inkişaf etdiyini vurğulayan xanım M.Vernts, baş verən dəyişikliklərin sürətinin müsbət təsir bağışladığını diqqətə çatdırmışdır.
Nazir Elmar Məmmədyarov keçid dövrünün problemlərinin aradan qaldırılmasının, korrupsiya ilə mübarizənin və təhsil sisteminin gücləndirilməsinin vacibliyini vurğulamış, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı düşərgələrin tezliklə ləğv edilməsinin hökumət qarşısında duran vacib vəzifələrdən biri olduğunu bildirmişdir.
Azərbaycanın regionda lider dövlət kimi öz mövqeyini möhkəmlətməkdə və daim inkişaf etməkdə maraqlı olduğunu vurğulayan nazir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına toxunmuş, münaqişənin nizamlanmasının əsas prinsipləri haqqında məlumat vermişdir. Beynəlxalq ictimaiyyətin bu münaqişəyə diqqətini artırmasının zəruriliyini qeyd edən E.Məmmədyarov, Avropa məkanına inteqrasiya edən regionda Ermənistanın işğalçı siyasətinin beynəlxalq hüquqa uyğun olmadığını qeyd etmişdir.
Xanım M.Vernts BQXK-nın Azərbaycanda fəaliyyətə başladığı dövrdən bəri bir sıra irəliləyişlərin olduğunu, qurumun Bərdədə yeni ofisinin açıldığını bildirmiş, görülən işlər, o cümlədən itkin düşmüş şəxslərlə əlaqədar tədbirlər barədə məlumat vermişdir. O, itkin düşmüş insanlarla bağlı Avropa İttifaqının təşəbbüsü əsasında işçi qruplarının yaradıldığını, bu məsələnin komitənin fəaliyyətində əsas yerlərdən birini tutduğunu demişdir.
M.Vernts fəaliyyəti dövründə Xarici İşlər Nazirliyinin dəstəyinə görə təşəkkürünü bildirmiş, yeni nümayəndə M.Amaşeri təqdim etmişdir.
E.Məmmədyarov M.Verntsə gələcək fəaliyyətində uğurlar arzulamış, yeni nümayəndə ilə də əməkdaşlığın davam etdiriləcəyini bildirmişdir.