XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
E.Məmmədyarov ÜƏP-in BMT çərçivəsində fəaliyyət göstərən vacib bir qurum olduğunu bildirmiş, təşkilatın işini yüksək qiymətləndirmişdir.
C.Morris məcburi köçkünlərin yaşayış vəziyyəti ilə tanış olmaq məqsədi ilə Sabirabad, İmişli və Biləsuvar rayonlarına səfəri haqqında ətraflı məlumat vermişdir.
Rəhbərlik etdiyi proqramın fəaliyyətindən söz açan C.Morris, ÜƏP-in təbii fəlakətlərdən və münaqişələrdən əziyyət çəkən insanlara müxtəlif ərzaq yardımları göstərdiyini vurğulamış, uşaqlar üçün zənginləşdirilmiş qidaların paylanmasını nəzərdə tutan “Təhsil üçün ərzaq proqramı”nın həyata keçirdiyini söyləmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan nazir E.Məmmədyarov, respublikamızın ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çarpdırmışdır. O, bu problemin xalqımız üçün ən ağrılı məsələ olduğunu qeyd etmiş, münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, respublikamızın Konstitusiyası və beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün beynəlxalq ictimaiyyətin də yardımçı olmasının vacibliyini vurğulamışdır.
Azərbaycanda müşahidə olunan iqtisadi inkişafdan söz açan E.Məmmədyarov, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin respublikamızın iqtisadiyyatına müsbət təsir göstərdiyini söyləmişdir. O, ölkəmizin yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra öz doğma torpaqlarına qayıdacaq qaçqın və məcburi köçkünlərin normal yaşayış səviyyəsini təmin etmək iqtidarında olduğunu diqqətə çaprdırmışdır.
Bundan əlavə, nazir Livandan qaçqın düşmüş insanlara yardım proqramının artıq Azərbaycan hökuməti tərəfindən qəbul edildiyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.