Xəzər İsayev: Hamımızın ürəyi Azərbaycan Ordusunun yanındadır
Bakı, 3 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu hazırda öz torpaqları uğrunda döyüşür.
Dövlətimiz, xalqımız həmişə beynəlxalq hüquq və normalara riayət edib. Biz başqalarına da bu normalar əsasında münasibət göstərmişik və göstərəcəyik. Amma əgər xain qonşun sənin sərhədini keçirsə və sənə məxsus olanı mənimsəyirsə və üstəlik, utanmadan həmin torpaqda qanunsuz məskunlaşma aparırsa, onun cavabı mütləq verilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, "Ədalətli Oyunlar" Komissiyasının sədri Xəzər İsayev bildirib.
Xəzər İsayev diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağırıb. Bildirib ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Bizim başqasının torpağında gözümüz yoxdur: “30 ildir ki, Azərbaycan Ermənistan təcavüzündən əziyyət çəkir. Biz bu barədə dəfələrlə BMT başda olmaqla, dünyanın bütün beynəlxalq təşkilatlarını məlumatlandırmışıq. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə kağız üzərində qalıb”.
MOK-un vitse-prezidenti vurğulayıb ki, erməni vəhşiliyinin cavabı verilmədikcə, işğalçı ölkə öz cızığından çıxdı və hegemonluq iddiasına düşdü: “Ermənistan dövləti ancaq diasporun hesabına qürrələnir və dünyaya meydan oxuyur. Yüksək səviyyəli təşkilat və qurumlarda vəzifəli şəxslərlə olan qohumluq və dostluq əlaqələrinin hesabına ermənilər öz çirkin və məkrli planlarını həyata keçirirlər. Lakin bunun bir sonu olmalı idi”.
Ermənistan Azərbaycana qarşı növbəti təxribat cəhdini sentyabrın 27-də reallaşdırdı. Düşmən artilleriya qurğularından istifadə edərək mülki əhalini və yaşayış məntəqələrini hədəfə aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan düşmənin hərbi təxribatının qarşısının alınması üçün ordumuza əmr verdi: “Azərbaycan Ordusu çox güclü ordudur və Ali Baş Komandanın əmrlərini yerinə yetirərək şanlı tarix yazır. Bu gün ölkəmizin həm də güclü idmançı ordusu var. Həmin ordu da əmr gözləyir. Hamımızın ürəyi Azərbaycan Prezidenti, Ali Baş Komandanın yanındadır və onun əmrinə müntəzirik”.
Xəzər İsayev vurğulayıb ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır. Bu torpaqdan bizim məşhur musiqiçilərimiz, alimlərimiz, idmançılarımız çıxıb. Biz haqqımız olanı geri alacağıq.
Tanrı dövlətimizi, xalqımızı və ordumuzu qorusun!