Xəzərdə yeni inkişaf modeli: Bakı və Aşqabad arasında strateji koordinasiya
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan ilə Türkmənistan arasında son illərdə müşahidə olunan yaxınlaşma və əməkdaşlığın genişlənməsi Xəzər regionunda yeni siyasi-iqtisadi münasibətlər sisteminin formalaşdığını göstərir. Dövlətlər arasında yüksələn qarşılıqlı etimad, ortaq iqtisadi layihələr, nəqliyyat və logistika sahəsində əlaqələrin intensivləşməsi, eləcə də yüksəksəviyyəli siyasi dialoq bütövlükdə regional inteqrasiyanın yeni mərhələsinə keçidi şərtləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər İctimai Birliyi”nin sədri Aqil Camal bildirib.
Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq dövlətlərin iqtisadi dayanıqlığı və geosiyasi mövqeyinin güclənməsi baxımından əsas istiqamətlərdən birinə çevrilib. Bu baxımdan Azərbaycan və Türkmənistan arasında inkişaf edən əlaqələr təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Xəzər regionunun gələcək inkişaf trayektoriyasının müəyyənləşməsində mühüm rol oynayır.
Aqil Camal qeyd edib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri münasibətlərin yeni mərhələyə daxil olmasının siyasi ifadəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, səfər çərçivəsində aparılan görüşlər və qarşılıqlı anlaşmalar gələcək əməkdaşlıq istiqamətlərinin daha sistemli şəkildə qurulmasına şərait yaradıb.
“Azərbaycan və Türkmənistan arasında münasibətlər artıq klassik dövlətlərarası əməkdaşlıq çərçivəsini aşaraq strateji koordinasiya xarakteri almağa başlayıb. Dövlət başçıları səviyyəsində formalaşan yüksək etimad gələcək iqtisadi və regional layihələrin həyata keçirilməsində mühüm rol oynayacaq”, – deyə Aqil Camal bildirib.
İctimai birlik sədri vurğulayıb ki, bu yeni mərhələnin ən diqqətçəkən nümunələrindən biri Azərbaycanda inşa edilən və beynəlxalq istismara verilən “Dostluq” tankeridir.
Onun sözlərinə görə, Bakı Gəmiqayırma Zavodunda inşa edilən tanker sadəcə texniki layihə deyil, Azərbaycan–Türkmənistan əməkdaşlığının iqtisadi və strateji məzmununun simvollarından biridir: “Dostluq” tankerinin Türkmənistan sularında istismara verilməsi iki ölkə arasında iqtisadi əlaqələrin praktik nəticəyə çevrildiyini nümayiş etdirir. Bu layihə Xəzərin təkcə enerji məkanı deyil, həm də sənaye, logistika və beynəlxalq ticarət platforması kimi inkişaf etdiyini göstərir. Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan öz sənaye potensialını regional əməkdaşlıq imkanları ilə birləşdirərək yeni iqtisadi model formalaşdırır. Son illər Xəzər regionunda nəqliyyat və tranzit imkanlarının genişlənməsi dövlətlər arasında iqtisadi bağlılığı daha da artırır. Azərbaycanın müasir liman infrastrukturu, gəmiqayırma imkanları və nəqliyyat şəbəkəsi ilə Türkmənistanın tranzit potensialı birlikdə regionun beynəlxalq yükdaşımalarda rolunu gücləndirən amillər sırasındadır”.
Onun fikrincə, bu əməkdaşlıq yalnız iqtisadi dividendlərlə ölçülmür. Burada daha geniş strateji məzmun mövcuddur.
“Azərbaycan və Türkmənistanı birləşdirən yalnız coğrafiya deyil. Ortaq tarixi köklər, mədəni yaxınlıq, dil və mənəvi dəyərlər münasibətlərin uzunmüddətli və dayanıqlı inkişafına zəmin yaradır. Bu amillər gələcəkdə Türk dünyasında inteqrasiyanın daha da güclənməsinə xidmət edə bilər”, – deyə Aqil Camal vurğulayıb.
İctimai birlik sədrinin sözlərinə görə, iqtisadi diplomatiya ilə yanaşı, humanitar əlaqələrin və ictimai diplomatiya institutlarının gücləndirilməsi də əməkdaşlığın davamlılığını təmin edən mühüm istiqamətlərdəndir. Təhsil, mədəniyyət, ictimai təşkilatlar və ekspert platformaları arasında münasibətlərin inkişafı uzunmüddətli tərəfdaşlığın sosial əsaslarını möhkəmləndirir.
Aqil Camal hesab edir ki, yaxın perspektivdə birgə sənaye layihələrinin genişlənməsi, qarşılıqlı investisiyaların artması, Xəzər hövzəsində yeni logistika marşrutlarının formalaşması və ortaq iqtisadi təşəbbüslərin həyata keçirilməsi Azərbaycan–Türkmənistan əməkdaşlığını regionun aparıcı inkişaf modellərindən birinə çevirəcək.
Sədr əlavə edib ki, bu gün atılan addımlar gələcək onilliklər üçün yeni iqtisadi və siyasi reallıqlar yaradır və Azərbaycanla Türkmənistan arasında formalaşan tərəfdaşlıq bütövlükdə regionun inkişaf gündəliyinə mühüm təsir göstərir.