SİYASƏT
XİN: Erməniəsilli rejissorun filmi “Oskar” mükafatına təqdim edilməyib
Bakı, 10 noyabr, AZƏRTAC
Cari ilin sentyabr ayında erməniəsilli iordaniyalı rejissor Sarin Hayrapetyanın çəkdiyi “mənim şirin torpağım” adlı filminin “ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmək üçün seçilməsinə baxmayaraq, filmin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olduğu nəzərə alınaraq, Azərbaycan tərəfinin narahatlığı dərhal İordaniya tərəfinə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İordaniya tərəfinin erməniəsilli rejissorun Azərbaycan əleyhinə çəkdiyi filmi “Oskar” nominasiyasından geri götürməsi ilə bağlı medianın sualına cavabında deyib.
“Erməni tərəfinin iddiasının əksinə, burada hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Məhz İordaniya Kral Film Komissiyasının müstəqil şəkildə qəbul etdiyi qərar nəticəsində film sonda “Oskar” mükafatına təqdim edilməyib və İordaniyada filmin nümayişi dayandırılıb”, - deyən XİN rəsmisi İordaniya tərəfinin bu qərarını alqışladıqlarını bildirib.