Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur
Xırdalan, 15 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhərində M.Ə.Rəsulzadə küçəsinin əsaslı təmiri işlərini aparır. Uzunluğu 1120 metr, eni isə 14 metr təşkil edən küçədə asfalt örtüyü vurulur. Yenidənqurma işlərinə çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, təmir işlərini Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik həyata keçirir. Əsaslı şəkildə yenidən qurulacaq küçədə asfaltlanma işləri 24 min kvadratmetr sahəni əhatə edir.
Həmçinin layihə çərçivəsində sakinlərin küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada səkiləri yenidən qurulur, köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir. Ümumilikdə küçəboyu 1400 poqonmetr yeni səki daşının düzülməsi işləri aparılacaq.
Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.