Xızıda sel Mikayıl Müşfiqin xatirə muzeyinin ərazisinə ciddi ziyan vurub
Xızı, 30 avqust, Elxan Yusifli, AZƏRTAC
Xızıda yağan leysan yağışları nəticəsində yaranan sel Mikayıl Müşfiqin Sayadlar kəndindəki xatirə muzeyinin ərazisinə ciddi ziyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel suları nəticəsində ərazidəki piyada körpüsü də dağılıb. Bundan başqa, muzeyin ərazisindəki söhbətgah və bulaq da sel sularının gətirdiyi palçıq və daşların altında qalıb, yararsız vəziyyətə düşüb.
Muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən İlhamə Hüseynova bildirib ki, muzeyin bağçasında və ətraf ərazidə ciddi fəsadlar olsa da, binaya və burada qorunan eksponatlara ziyan dəyməyib. Fəsadlar barədə aidiyyəti qurumlara məlumat verilib.