Xocalı faciəsi Azərbaycan xalqının unudulmayan dərdidir
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş “XX əsrin faciəsi - Xocalı” adlı anma tədbiri keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqının və hər birimizin unudulmayan dərdidir. Bu hadisə 23 il bundan əvvəl baş verib, lakin öldürülmüş günahsız insanların xatirəsi daim qəlbimizdə yaşayacaq. Dövlətimiz bu faciənin tanınması yolunda uğurlu addımlar atır. “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkəsində uğurla həyata keçirilir. On illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur.
Bildirilib ki, bu istiqamətdə görülən məqsədyönlü iş 2005-ci ildə Fondun yaratdığı və geniş məlumat bazasına malik “Azərbaycan” portalının internet şəbəkəsinə qoşulması ilə başlayıb. Portalda Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərdə yerli əhaliyə qarşı törədilən azğınlıq, tarix-memarlıq abidələrimizin vəhşicəsinə dağıdılması barədə faktlar əksini tapıb.
Bundan əlavə, G.Babaxanlı diqqətə çatdırıb ki, muzey də bu aksiyaya dəstək olaraq, Xocalı faciəsinin unudulmaması məqsədilə bir sıra işlər görür, sərgilər təşkil edir.
Digər çıxış edənlər də 23 il əvvəl Xocalıda baş verənləri ürək ağrısı ilə xatırlayıblar.
Anma tədbirində muzeyin ekspozisiyasında hazırlanmış, Xocalı faciəsinə həsr olunan foto sərgisi və slayd nümayiş etdirilib.