Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirib. Onlayn şəraitdə keçirilən tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a Elm Tarixi İnstitutundan məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun baş direktoru tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli Xocalı faciəsindən bəhs edib. Vurğulayıb ki, Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Professor vurğulayıb ki, Xocalı hadisələri ermənilər tərəfindən düşünülmüş və planlaşdırılmış əsl soyqırımı idi.
Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və digərləri çıxış edərək hadisəyə müxtəlif aspektlərdən münasibət bildiriblər.
Çıxışlarda Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğu vurğulanıb. Qeyd olunub ki, Xocalı soyqırımı hələ keçən əsrin əvvəllərindən xalqımıza qarşı törədilən kütləvi qırğınların davamıdır.