Xocalı faciəsi qurbanlarının xatirəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində anılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anma mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
ADPU-nun rektoru, professor Yusif Məmmədov demişdir ki, respublikamızda və dünyanın bir çox ölkələrində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbirlər keçirilir. ADPU-nun bütün fakültə və şöbələrində Xocalı soyqırımı ilə əlaqədar anma mərasimləri keçirilmiş, faciənin şahidləri ilə görüş olmuş, ədəbi-bədii gecələr təşkil edilmiş, qətliamı özündə əks etdirən fotostendlər yaradılmışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş dəhşətli faciədən danışan rektor faciəni XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla bərabər, həm də Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş terror siyasətinin tərkib hissəsi kimi qiymətləndirmişdir. Bildirmişdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə əsla məhəl qoyulmadan həyata keçirilmiş bu soyqırımı aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönəldilmişdi.
Digər çıxış edənlər də bu soyqırımın həm bəşəriyyətə, həm də insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biri olduğunu vurğulamışlar.
Sonda tələbələrin ifasında “Öncə Vətən” ədəbi-bədii kompozisiyası səsləndirilmişdir.