Xocalı faciəsi xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin tərkib hissəsidir
Naxçıvan, 25 fevral, AZƏRTAC
Xocalı faciəsi erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi kimi tariximizə yazılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Naxçıvan” Universitetində keçirilən konfransda ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev səsləndirib.
Rektor qeyd edib ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi, bu cinayətin beynəlxalq müstəvidə tanıdılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü nəticəsində Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilən müvafiq qərardan sonra hər il fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi qeyd olunur.
Sonra universitetin ümumi tarix kafedrasının dosenti Elçin Zamanovun “XX əsrin ən ağır faciəsi - Xocalı”, Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin professoru Kerem Karabulutun “Tarixdə türk-erməni münasibətləri və Xocalı soyqırımı”, “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Nurlana Əliyevanın “Xocalı soyqırımı Azərbaycan ədəbiyyatında”, universitetin tələbəsi Könül Cəfərsoyun “Xocalı soyqırımı beynəlxalq müstəvidə” mövzularında çıxışları dinlənilib.
Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi səylərdən, apardığı məqsədyönlü siyasətdən söz açılıb, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi ifadə olunub.
Sonda tələbələrin ifasında Xocalıya həsr edilmiş şeirlər səsləndirilib, “Bəşəriyyətin ən ağır faciəsi - Xocalı” sənədli filmi nümayiş etdirilib.