Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir
Zaqatala, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı və Göyçay nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “XX əsr faciəsi - Xocalı soyqırımı” mövzusunda onlayn konfrans keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert Yəhya Babanlının da iştirak etdiyi konfransda XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən misli görünməmiş terror aktları və Xocalı soyqırımından bəhs edilib. Bildirilib ki, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
Konfransda çıxış edənlər Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıb, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən söz açıblar.