ELM VƏ TƏHSİL
Xocalı soyqırımı - xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi
![](/files/galleryphoto/2023/1/1200x630/16773146053654041477_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677314605226106972_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16773146055897340252_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16773146051594949512_1200x630.jpg)
Bakı, 22 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Xocalı faciəsinin 31-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru professor Səyyarə İbadullayeva Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, Xocalı soyqırımından danışıb. Qeyd edib ki, Xocalıda törədilən soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Son yüz ildən artıq dövrdə ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı faciəsinin baş verməsinə gətirib çıxarıb. Xocalı soyqırımının xalqımızın qan yaddaşının ən dəhşətli və unudulmaz səhifələrindən biri olduğunu qeyd edən alim, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıb.
İnstitutun icraçı direktoru Şakir Qasımov bildirib ki, Azərbaycan xalqı zaman-zaman bədnam qonşularımız tərəfindən təcavüzə məruz qalıb, əzəli dədə-baba torpaqlarından didərgin salınıb, deportasiya edilib, qanlı faciələrin qurbanı olub. Ermənilərin tarixi düşmənçilik siyasəti özünün son həddini Xocalıda törədilən soyqırımı ilə dünyaya nümayiş etdirib. Soyqırımı nəticəsində yüzlərlə dinc və günahsız qadın, kişi, yaşlı, cavan, uşaq qətlə yetirilib, insanlar yaralanıb, şikəst olub, əsir düşüb. Ermənilər Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Alim bildirib ki, 31 il ötməsinə baxmayaraq Xocalı faciəsinin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəslə çatdırılması hər kəsin, o cümlədən institut əməkdaşlarının vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməliyik.
İnstitut əməkdaşları Sadıq Qarayev, Pərvanə Qaraxani, Rəşad Səlimov, Aygün Məmmədov və digər çıxış edənlər Xocalı soyqırımının xalqımızın yaddaşına yazılan ən dəhşətli faciə olduğunu bildirib, faciə günahkarlarının dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub.