Xocalı soyqırımı bəşəriyyətə qarşı qanlı cinayətdir
Naftalan, 24 fevral, Elcan Məmmədov, AZƏRTAC
Naftalan şəhərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - 30 il” mövzusunda onlayn tədbir keçirilib.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbiri açan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov Xocalı soyqırımının tarixinə nəzər salaraq, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırıb, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyini bildirib. Həmçinin vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşü, düşmənin torpaqlarımızdan qovulması yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Vüqar Novruzov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının səmərəsinin ildən-ilə artdığını, Azərbaycan xalqına və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç zaman unudulmayacağını söyləyib.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov “Tarixi abidələri, mədəni irsi məhv edilmiş Xocalı” və Vətən müharibəsinin iştirakçısı, Qaşaltı Qaraqoyunlu kənd bələdiyyəsinin sədri Emin Yusifov “Xocalı şəhərinin coğrafi mövqeyi və hərbi əhəmiyyəti” mövzusunda çıxış ediblər.
Sonda Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Salam, Xocalım!” adlı ədəbi-bədii kompozisiya dinlənilib.