Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərbəst döyüş üzrə açıq turnir keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Hövsan Olimpiya İdman Komleksində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərbəst döyüş idman növü üzrə açıq turnir keçirilmişdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, turnirdə 12 idman klubundan 110 idmançı iştirak etmişdir.
Tədbirdə Azərbaycan Peşəkar Sərbəst Döyüş İdman Klubunun direktoru Rasim Eyvazov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəis müavini Rəşad Əliyev, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Ələkbərli çıxış edərək yarışın əhəmiyyəti barədə danışmış və idmançılara uğurlar arzulamışlar.
Uşaqlar arasında Bəxtiyar Miriyev, İbrahim Vəliyev, Fərhad Əhmədov, İlqar Əliyev, Emin Əliyev, Fərid Səfərli, Ceyhun Əbdürrəhmanov, yeniyetmələrin mübarizəsində Şahin Loğmanov, Famil Hacıyev, Eyvaz Əliyev, Xəyal İsalı, Məcid Yusifov, Rüstəm Rüstəmli, Şəhriyar Yusifov, Şahmuraz Məmmədov, Qadir Maqsudov, Eldar Əhmədzadə birinci yeri tutmuşlar. Gənclər arasında isə (16-18 yaş) Əsgər Əsgərov, Malik Məmmədov, Tərlan Əliyev, Emin Həsənov, Ağa Ağalarzadə, Tural Muradov, 18 yaşdan yuxarı idmançıların yarışında Sədi Süleymanov, Xətai Şirinov, Nəriman Abbasov, Raqif Həsənov və Natiq Quliyev birinci yerə layiq görülmüşlər.
Yarışda I, II, III yerləri tutmuş idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.