Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindən biridir
Naxçıvan, 25 fevral, AZƏRTAC
Xocalı faciəsi XX əsrin ən qanlı faciələrindən biridir və bu, bir millətə qarşı törədilmiş soyqırımıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində keçirilən konfransda səsləndirilib.
Tədbirdə ilk olaraq Xocalıda və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, bu cinayətin arxasında ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu apardığı amansız siyasət planı dayanır. Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi məhz həmin siyasətin növbəti təzahürü idi.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Xocalı faciəsinə gedən yol”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı yeritdiyi soyqırımı siyasətinin tərkib hissəsi kimi”, institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva “Xocalı qəhrəmanları”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Xocalı faciəsinin Azərbaycan ədəbiyyatında əksi” mövzularında məruzələrlə çıxış ediblər.
Vurğulanıb ki, zaman-zaman ermənilər tərəfindən gah gizli, gah da açıq şəkildə davam etdirilən bu siyasət insanlığa sığmayan faciə ilə nəticələnib, soyqırımı kimi tarixə düşüb. Bu faciə dünyada baş verən ən böyük faciələrlə müqayisə edilir.
Bildirilib ki, hər bir azərbaycanlı öz tarixini dərindən bilməli, dostu ilə düşmənini yaxından tanımalıdır. Bu mövzuda fundamental əsərlər yazılmalıdır.