Xocalı soyqırımına həsr olunmuş “Xocalını unutma” adlı tədbir keçirilmişdir
Bakı, 23 aprel (AZƏRTAC). Aprelin 23-də Nərimanov rayonundakı 45 nömrəli orta məktəbdə “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin və Bakı Humanitar Kollecinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Xocalını unutma” adlı ədəbi-bədii tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirovun, Bakı şəhərindəki bəzi təhsil müəssisələrinin müəllim və tələbələrinin, tanınmış ziyalıların, şairlərin, məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu ermənilərin 19 il əvvəl Xocalıda törətdikləri soyqırımı haqqında ətraflı danışaraq bu hadisənin XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, nankor qonşularımız hər il aprelin 24-nü qondarma “erməni soyqırımı” günü kimi qeyd edirlər. Tədbirin məqsədi ermənilərin yalançı “soyqırımı” iddialarına cavab olaraq onların çox yaxın keçmişdə Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktını həm xatırlamaq, bu faciənin miqyasını bir daha geniş ictimaiyyətə çatdırmaq, həm də gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə yardım etməkdir.
Dünyanın aparıcı dövlətlərinin erməni vəhşiliyinə, Xocalı faciəsinə münasibətdə ikiüzlü siyasətindən danışan natiq bildirmişdir ki, bu siyasət nəticəsində torpaqlarımız işğal olunmuşdur. Torpaqlarımızın erməni işğalçılarında azad edilməsi ilə bağlı 1993-cü ildə qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hələ də icra olunmamışdır. Lakin bu ilin martında Təhlükəsizlik Şurası Liviyada yaranmış vəziyyətlə əlaqədar qətnamə qəbul etmiş və dərhal da onun icrasına başlanılmışdır.
Tədbirdə Bakı Humanitar Kollecinin tələbələri maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər. Hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, müğənnilər Yaqut Qarabağlı, Əli Məmmədov, “Karvan” qrupu mahnılar ifa etmiş, bədii qiraət ustası Kamil Məhərrəmoğlu şeir söyləmişdir.