SİYASƏT
XOCALI SOYQIRIMININ 12-Cİ İLDÖNÜMÜ ŞƏRQİ AVROPA ÖLKƏLƏRİNDƏ YAD EDİLƏCƏK
Ukrayna Azərbaycan Konqresinin regional təşkilatları da Xocalı faciəsinə həsr olunan tədbirlər keçirəcəklər. UAK-ın Xarkov regional təşkilatı, Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti və Yeni Azərbaycan Xeyriyyə Fondu tərəfindən birgə anma mərasiminin keçirilməsi planlaşdırılıb. Dnepropetrovsk şəhərində isə UAK-ın regional təşkilatının və Azərbaycanlılar Liqasının birgə tədbiri keçiriləcəkdir. Mərasim iştirakçılarına UAK-ın Dnepropetrovsk regional təşkilatının “Savalan” qəzetinin Xocalı soyqırımına həsr edilən nömrəsi təqdim olunacaq və sənədli filmlər nümayiş etdiriləcəkdir. Eyni zamanda, Ukraynanın Donetsk, Odessa, Zaporojye, Nikolayev şəhərində UAK-ın regional təşkilatları etiraz aksiyaları keçirəcəklər.
Daha bir etiraz aksiyası isə Moldova Azərbaycanlıları Konqresi tərəfindən Kişinyov şəhərində təşkil olunacaqdır. Aksiyada BMT və ATƏT-dən Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın rəsmən işğalçı dövlət kimi tanınması tələb olunacaqdır. Eyni zamanda, MAK-ın sədri Mehman İsmayılov yerli televiziya ilə çıxış edərək, Xocalı soyqırımına dair tarixi faktları Moldova ictimaiyyətinin diqqətinə çatdıracaqdır. Proqramda Xocalı faciəsi ilə bağlı sənədli filmlərdən kadrlar nümayiş etdiriləcəkdir.
Belorus Azərbaycan İcmaları Konqresi (BAİK) və Azərbaycanın Ukraynadakı səfirliyinin Belarus üzrə nümayəndəliyi də Xocalı soyqırımı ilə əlaqədar birgə anma mərasimi keçirəcəklər. Mərasimdə Xocalı faciəsinə həsr olunmuş fotostend və sənədli filmlər nümayiş etdiriləcəkdir. Anma mərasiminə kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət olunublar.
Estoniya Respublikasında da Xocalı soyqırımı anılacaqdır. Tallin şəhərində fəaliyyət göstərən “Aydan” Mədəniyyət Mərkəzi, Estoniya azərbaycanlıları icması və “Qürbət” cəmiyyətinin təşkilatçılığı ilə anma mərasimi keçiriləcəkdir. Tədbirdə Estoniyada yaşayan digər azsaylı xalqların nümayəndələri, eləcə də Estoniyanın keçmiş milli münasibətlər naziri işləmiş, hazırda isə Estoniya parlamentinin deputatı olan Eldar Əfəndiyev də iştirak edəcəkdir. Qeyd edək ki, “Estonca-Azərbaycanca lüğət”in tərcüməçisi Vidadi Məmmədovun təşəbbüsü ilə fevralın 12-də yerli telekanalların birində Xocalı soyqırımının 12-ci ildönümünə həsr olunan proqram da efirə gedib. Litva azərbaycanlıları cəmiyyəti isə Vilnüs şəhərindəki milli icmalar evində anma mərasimi təşkil edəcəkdir. Tədbirə Litvadakı Türkiyə səfirliyinin, ayrı-ayrı cəmiyyətlərin nümayəndələri və Litva Dövlət Seymi deputatları dəvət olunmuşlar. Mərasimin sonunda Xocalı soyqırımına aid videolentlər nümayiş olunacaqdır.